ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib ki, İranın hərbi dəniz qüvvələri bu ilin əvvəlində ABŞ-nin həyata keçirdiyi zərbələrdən sonra Hörmüz boğazında artıq patrul xidməti aparmır.
"PostMedia" xəbər verir ki, Kuper CENTCOM-un yaydığı videoda bu həftənin əvvəlində boğaz üzərindən uçuş zamanı onlarla ticarət gəmisi və ABŞ-nin hərbi vasitələrini gördüyünü, lakin SEPAH-ın orada heç bir mövcudluğunu müşahidə etmədiyini deyib.
"Görmədiyim şeyi deyim: SEPAH-ı orada ümumiyyətlə görmədim. Onlar orada deyildi, çünki İranın hərbi dəniz qüvvələrinin hamısı dənizin dibindədir", — deyə admiral bildirib.
Kuperin sözlərinə görə, ABŞ qüvvələri boğazın beynəlxalq səviyyədə tanınan əsas gəmiçilik marşrutlarını İranın dəniz minalarından təmizləyib və bu marşrutların açıq qalması üçün patrul xidmətini davam etdirir.
Admiral əlavə edib ki, 50 mindən çox ABŞ hərbçisi Yaxın Şərqdə əməliyyatlara dəstək verir. Onun sözlərinə görə, ABŞ qüvvələri yaydan bəri regiondakı tərəfdaşların 1,5 milyard bareldən çox xam neft ixrac etməsinə kömək edib. Bu zaman İranın neft ixracına qarşı blokada saxlanılır.