Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə münasibətlərin inkişafına verdiyi töhfəyə və türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
"PostMedia" xəbər verir ki, Mirziyoyev bu sözləri Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxışı zamanı səsləndirib.
"Təşkilata sədrliyi dövründə türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirirəm", — deyə Mirziyoyev qeyd edib.
Özbəkistan lideri TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu vurğulayıb. O əlavə edib ki, Özbəkistan türk həmrəyliyi üçün bütün imkanlarını səfərbər etməyə hazırdır.
Mirziyoyev konkret addım kimi Türk dünyasında 100 strateji birgə investisiya və sənaye layihəsini əhatə edən proqramın qəbul edilməsini təklif edib.
"Türk İnvestisiya Fondunun və beynəlxalq maliyyə qurumlarının resurslarının bu layihələrə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir", — deyə o bildirib.
Özbəkistan Prezidentinin sözlərinə görə, türk dövlətlərinin beynəlxalq yük daşımaları və logistikada iştirakını genişləndirmək, qazancını artırmaq üçün Orta Dəhliz və ona bağlı digər nəqliyyat marşrutları "inteqrasiya olunmuş iqtisadi sistemə çevrilməlidir".
Mirziyoyev türk dövlətləri arasında logistika kompleksləri şəbəkəsinin yaradılması və birgə idarə olunması təşəbbüsü ilə də çıxış edib. Onun fikrincə, bu addım regional nəqliyyat və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək.
Özbəkistan lideri çıxışını "Bir olduğumuz zaman daha güclüyük" sözləri ilə yekunlaşdırıb.