"CNN", "MS NOW" və "Politico" media şirkətləri ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəməyə yenilənmiş iddia ilə müraciət edərək Ağ Evi məhkəmə qərarlarını pozmaqda ittiham ediblər.
"PostMedia" "Associated Press"ə istinadən xəbər verir ki, üç media şirkətinin iddiasına görə, hakimiyyət orqanları prezident press-pulunda onların girişinin bərpası ilə bağlı məhkəmə qərarına baxmayaraq, jurnalistlərin Prezidentin Oval kabinetdəki və "Air Force One" prezident təyyarəsindəki fəaliyyətini işıqlandırmasına icazə vermir.
Çərşənbə günü, oktyabrın 28-də təqdim olunan sənəddə media orqanları bildiriblər ki, Tramp xoşuna gəlməyən yazılara görə onlardan qisas alır. Jurnalistlərin fikrincə, belə addımlar ABŞ Konstitusiyasının Birinci düzəlişi ilə təminat verilən söz azadlığını pozur, çünki hakimiyyət faktiki olaraq media orqanlarını materiallarının məzmununa görə cəzalandırır. Yenilənmiş iddiada əvvəl verilmiş məhkəmə qərarlarının daimi edilməsi də xahiş olunur.
Media şirkətlərinin vəkili Teodor Butros kiçik bildirib ki, məhkəmə qərarlarından sonra da Ağ Ev üç media orqanının jurnalistlərinin Prezidentin mətbuatla ən çox ünsiyyət qurduğu məkanlara girişini əngəlləməkdə davam edir.
Məhkəmə baxışının əsasında Prezidentin və ya hakimiyyətin digər nümayəndələrinin media orqanlarının rəsmi tədbirlərə girişini onların yazılarının xarakterinə görə məhdudlaşdırmaq hüququnun olub-olmaması sualı dayanır. "CNN", "MS NOW" və "Politico" belə addımları ifadə olunan mövqeyə görə ayrı-seçkilik sayır və bunun ABŞ Konstitusiyasının Birinci düzəlişi ilə qadağan olunduğunu bildirirlər.
Tramp isə öz növbəsində iddia edir ki, materiallarını qeyri-kafi hesab etdiyi media orqanlarının jurnalistlərinə Ağ Evin ərazisinə, prezident təyyarəsinə və digər məkanlara giriş icazəsi verməyə borclu deyil. Cümə axşamı səhər saatlarına administrasiya yenilənmiş iddiaya cavab təqdim etməmişdi.
Son müraciət federal hakim Timoti Kellinin üç media şirkətinin işi udmaq üçün ciddi əsaslarının olduğunu müəyyən etməsindən təxminən iki həftə sonra edilib. Daha əvvəl o, administrasiyanın Beşinci düzəliş ilə təminat verilən jurnalistlərin layiqli hüquqi prosedur hüququnu pozduğu qənaətinə gəlmişdi. Oktyabrın 13-də hakim media orqanlarının söz azadlığının pozulması barədə arqumentlərini də əsaslı hesab edib.
Kelli Trampın məhdudiyyətlərin dövlət siyasəti, o cümlədən milli təhlükəsizlik mülahizələri ilə şərtləndiyi barədə arqumentlərini rədd edib. Hakim jurnalistlərin press-puldan çıxarılması qərarını Prezidentin onların yazılarının qeyri-dəqiq və qərəzli olması barədə bəyanatları ilə əlaqələndirib.
"Sadə dillə desək, bu, baxış əsasında qanunsuz ayrı-seçkilikdir", — deyə Kelli qərarında yazıb.
İddiada media orqanları xəbərdarlıq edirlər ki, bu cür addımlar bütün media üçün təhlükə yaradır, çünki jurnalistlər Prezidentin kifayət qədər müsbət hesab etmədiyi materiallara görə oxşar məhdudiyyətlərlə üzləşə bilər. Onların fikrincə, nəticədə ictimaiyyət hökumətin işi barədə tam və vaxtında məlumat almaq imkanından məhrum olur.