Rusiya Gürcüstanla praqmatik əlaqələri genişləndirməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
“Biz Tbilisi ilə praqmatik əlaqələrin daha da genişləndirilməsinə açığıq. Aydındır ki, Gürcüstanın uğurlu inkişafının təminatı qarşıdurmada deyil, ölkəmizlə əməkdaşlıqdadır”, – deyə Qaluzin bildirib.
Rusiya XİN rəhbərinin müavini iki ölkə arasında siyasi təmaslara da toxunub. Onun sözlərinə görə, hazırda ikitərəfli siyasi əlaqələr mövcud deyil.
“Söhbət ikitərəfli siyasi təmaslardan gedirsə, hazırda onlar yoxdur. Səbəb Gürcüstan tərəfinin belə bir dialoqa hazır olmamasıdır. Təbii ki, bunun Gürcüstana bu və ya digər problemlərin öhdəsindən gəlməyə necə kömək etdiyini mühakimə etmək mənim üçün çətindir, lakin bu, Gürcüstan hakimiyyətinin qərarıdır”, – deyə Qaluzin əlavə edib.