“Flydubai” aviaşirkəti Dubaydan Təl-Əvivə uçan təyyarədə baş vermiş insidentin araşdırılması müddətində İsrailə və İsraildən bütün uçuşları müvəqqəti dayandırıb.
"PostMedia" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail hakimiyyətinin və yerli medianın məlumatına görə, pilotlardan biri digərinə hücum edib və ehtimal olunur ki, təyyarənin idarəetməsini ələ keçirməyə cəhd göstərib.
“Bu müvəqqəti dayandırma aidiyyəti qurumlara araşdırmanı davam etdirməyə və baş verənlərin bütün hallarını müəyyənləşdirməyə imkan verəcək”, – “Flydubai” nümayəndəsi bildirib.
Onun sözlərinə görə, aviaşirkət araşdırma ilə tam əməkdaşlıq edir və bütün uçuş şəbəkəsində ən yüksək təhlükəsizlik standartlarını qorumaq niyyətindədir.
“Biz dövlət qurumları, tənzimləyici orqanlar və hava limanlarının nümayəndələri ilə sıx əməkdaşlığı davam etdiririk və yeni məlumatlar əldə olunduqca uçuşların dayandırılması ilə bağlı qərara yenidən baxacağıq”, – şirkət nümayəndəsi əlavə edib.
İnsident sentyabrın 30-da “Flydubai”nin Dubay-Təl-Əviv reysi zamanı baş verib. “Associated Press”in məlumatına görə, pilotlardan biri uçuş zamanı ikinci pilota hücum edib.
Təyyarə təxminən 10 kilometr yüksəklikdən 5 kilometrə qədər kəskin enib. Bundan sonra ekipaj və sərnişinlər vəziyyətə nəzarəti bərpa edə biliblər. Təyyarə Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Təbuk şəhərinə məcburi eniş edib.
İsrail hakimiyyəti hadisəni təyyarənin mümkün qaçırılmasına cəhd kimi qiymətləndirir və hücumun səbəblərini araşdırır. Bununla yanaşı, ikinci pilotun hərəkətlərinin motivi hələlik rəsmi şəkildə müəyyən edilməyib.
“Reuters”in məlumatına görə, insidentdən sonra İsrail ölkəyə uçuşlar həyata keçirən pilotların yoxlanılmasını sərtləşdirməyi planlaşdırır.
Bütün sərnişinlər və ekipaj üzvləri təhlükəsiz əraziyə təxliyə edilib. “Flydubai” uçuşların dayandırılması qərarının müvəqqəti xarakter daşıdığını və araşdırmanın nəticələri ilə bağlı əlavə məlumatlar əldə edildikdən sonra qərara yenidən baxılacağını vurğulayıb.