ABŞ Prezidenti Donald Trampın administrasiyası cümə günü Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib.
"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu addım məhkəmənin keçmiş hakimlərindən birinin Nobel Sülh Mükafatına layiq görülməsindən cəmi bir neçə saat sonra atılıb və Vaşinqtonu Avropadakı müttəfiqləri ilə diplomatik qarşıdurma riski ilə üz-üzə qoyub.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuror müavini Nazhat Şamim Xan sanksiyaları pisləyərək onların məhkəmənin fəaliyyətini dayandırmayacağını bildirib.
Tramp administrasiyası uzun müddətdir məhkəməyə qarşı sərt mövqe tutur və əvvəllər də onun prokurorlarına və hakimlərinə qarşı sanksiyalar tətbiq edib. Cümə günü atılan addım isə daha geniş nəticələrə səbəb ola bilər. Belə ki, məhkəməyə xidmət göstərən şirkətlər də sanksiyalara məruz qala bilər.
“Prezident Tramp Beynəlxalq Cinayət Məhkəməsinin amerikalıları təqib etməsinə heç vaxt imkan verməyəcək”, – ABŞ dövlət katibi Marko Rubio rəsmi açıqlamadan əvvəl “Reuters” agentliyinin əldə etdiyi bəyanatda bildirib.
“Məhz buna görə bu gün ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir. Bu qanunsuz məhkəmə ilə istənilən əməliyyatı qadağan edəcəyik, onu resurslardan məhrum edəcək və fəaliyyət imkanlarını zəiflədəcəyik”.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuror müavini Xan “Reuters” agentliyinə bildirib ki, sanksiyalar “pislənməlidir”.
“Bu sanksiyalar beynəlxalq səviyyədə hüququn aliliyini və müstəqil məhkəmə institutunun gördüyü işi sarsıtmağa yönəlib. Bütün işlərimiz, araşdırmalarımız və məhkəmə proseslərimiz üzrə fəaliyyətimizi davam etdirəcəyik”, – Xan qeyd edib.