ABŞ-nin Yuta ştatında məhkəmə 41 il həbsdə, o cümlədən onilliklər ərzində ölüm cəzasına məhkum edilmiş şəxslər üçün nəzərdə tutulan kamerada saxlanılan 71 yaşlı Duqlas Stüart Karterin girov qarşılığında azadlığa buraxılmasına qərar verib.
"PostMedia" xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Qərar DNT-nin yeni analizinin Karterin genetik materialı ilə uyğunluq aşkar etməməsindən sonra qəbul edilib.
Karter 1985-ci ildə o vaxtkı Provo şəhər polis rəisinin qohumu olan Eva Olesenin qətlinə görə ölüm cəzasına məhkum edilmişdi. Qadın qarət zamanı odlu silahla yaralanıb və bıçaqlanıb.
Karteri birbaşa cinayət yeri ilə əlaqələndirən fiziki sübutlar aşkar edilməyib. Andlılar onu əsasən imzaladığı etiraf və Karterin qətllə öyündüyünü bildirən iki şahidin ifadələri əsasında təqsirli biliblər. Sonradan hər iki şahid ilkin ifadələrindən imtina edib.
Karter bütün bu illər ərzində günahsız olduğunu bildirib və etirafının polis təzyiqi altında alındığını deyib.
İşdə yeni dönüş Yuta Ali Məhkəməsinin ötən il yeni məhkəmə araşdırması təyin etməsindən sonra baş verib. Məhkəmə müstəntiqlər və prokurorlardan birinin yol verdiyi çoxsaylı qəsdən pozuntuları əsas gətirib.
Sentyabr ayında Yuta dairə prokurorluğu maddi sübutların yeni analizinin nəticələrini alıb. Qapı dəstəyindən götürülmüş DNT, eləcə də Olesenin öldürüldüyü bıçağın dəstəyindən əldə edilən genetik material Karterin DNT-si ilə uyğun gəlməyib.
Hakim Derek Pulan bildirib ki, yeni nəticələr Karterə qarşı irəli sürülən ittihamları daha da zəiflədir. Bununla yanaşı, o qeyd edib ki, bütün bunlara baxmayaraq, ağlabatan andlıların Karteri təqsirli hesab etməsi ehtimalını tamamilə istisna etmək olmaz.
Azadlığa buraxılmasının şərtlərindən biri elektron GPS qolbağından istifadədir. Karterə həmçinin qurbanın yaxınları ilə əlaqə saxlamaq qadağan edilib.
Onun vəkili Nil Hamilton bildirib ki, azadlığa çıxdıqdan sonra Karter oğlunun ailəsinin yaşadığı ərazinin yaxınlığında məskunlaşacaq. Kişi onilliklər davam edən həbsdən sonra psixoloji yardım da alacaq.
Çikaqoda anadan olan Karter 1985-ci il fevralın 27-də Olesen öldürülərkən Yutada anası ilə yaşayırdı. İstintaq cinayətin qarət zamanı törədildiyini ehtimal etmişdi.
Bir neçə ay sonra Karter Tennessi ştatının Neşvill şəhərində saxlanılıb. Məhkəmə sənədlərinə görə, Provo polisində dindirildiyi zaman o, etiraf sənədini imzalayıb. Karter sonradan bildirib ki, polislərin təkrar hədələrindən sonra yalan etiraf verib.
Vəkilinin sözlərinə görə, Karter iki gün ərzində onunla birlikdə saxlanılan dostu ilə eyni yerdə tutulub. Müdafiə tərəfi iddia edir ki, Karter dostunu xilas etməyə çalışarkən etiraf verməyə razılaşıb.
1985-ci ildə çıxarılan ilk hökmdən sonra Karter 1992-ci ildə keçirilən təkrar məhkəmə prosesinin ardından yenidən ölüm cəzasına məhkum edilib. Sonrakı illərdə Yuta məhkəmələri onun çoxsaylı apellyasiya müraciətlərini rədd edib.
Əhəmiyyətli dönüş 2011-ci ildə baş verib. Həmin il Meksikada iş üzrə iki əsas şahid tapılıb. Onlar ilkin məhkəmə prosesi zamanı polisin göstərişi ilə yalan danışdıqlarını, hüquq-mühafizə orqanlarından pul və hədiyyələr aldıqlarını bildiriblər. Onların sözlərinə görə, polis Karterə qarşı ifadə vermədikləri təqdirdə onları və oğullarını deportasiya etməklə də hədələyib.
On ildən artıq davam edən məhkəmə çəkişməsindən sonra Yuta Ali Məhkəməsi ötən il yeni məhkəmə araşdırması keçirilməsinə qərar verib. Məhkəmə polis və prokuror tərəfindən yol verilmiş “çoxsaylı qəsdən pozuntuları” qeyd edib.
Karterin müdafiəsi həmçinin bildirib ki, şahidlər cinayət yerindən qaçan ağdərili bir kişini görüblər, müstəntiq isə digər mümkün şübhəlilərə işarə edən məlumatları gizlədib. Onların arasında mərhumun əri Orla Olesenin də adı çəkilib. O, polisə həyat yoldaşını evlərində əlləri arxadan bağlanmış vəziyyətdə ölü tapdığını bildirib.
Prokurorlar DNT-nin yeni nəticələrindən tapılan nümunələrlə genetik materialı uyğun gələ biləcək digər şəxslərin axtarışında istifadə edib-etməyəcəklərini hələ açıqlamayıblar.
Eva Olesenin yaxınları Karterin azadlığa buraxılmasına qarşı çıxıblar. Onun gəlini Tereza Olesen məhkəmə iclasında ailənin DNT üzrə qəti uyğunluq əldə olunacağına ümid etdiyini bildirib.
“Bu, onun orada olmadığını göstərmir”, - deyə o bildirib və istintaqın davam etdirilməli olduğunu vurğulayıb.
Karterin yeni məhkəmə prosesi əvvəlcə 2027-ci ildə keçirilməli idi. Lakin Yuta dairə prokurorluğu ötən həftə onun üçün yenidən ölüm cəzası tələb etmək niyyətindən imtina edib.