6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

VAKANSİYA

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsinə qeydiyyat başlayıb

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsinə qeydiyyat başlayıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.

"PostMedia" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Elan 16 noyabr 2026-cı il tarixdə verilib. Namizədlər 30 noyabr 2026-cı il, saat 18:00-dək exidmet.dim.gov.az ünvanında Dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsahibədə dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən və qüvvədə olan sertifikatı olan şəxslər iştirak edə bilər. Bundan başqa, Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli qərarı ilə təsdiq edilən siyahıdakı vəzifələrdə azı 10 il iş stajı olanlar da müsahibəyə buraxılır. Vəzifənin təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər də iştirak hüququna malikdir.

Qeydiyyat zamanı müraciət formasına ali təhsil haqqında sənədin və əmək kitabçasının skan edilmiş surəti əlavə olunmalıdır. Elmlər doktoru elmi dərəcəsi olan şəxslər dərəcənin verilməsini təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surətini də təqdim etməlidir.

Sertifikatı olan şəxs onun qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə ödənişsiz iştirak edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir, məbləği isə Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. İntizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmır.

Qeydə alınmayan namizədə portal vasitəsilə elektron bildiriş göndərilir. Çatışmazlıqlar 3 iş günü ərzində aradan qaldırılmazsa, namizəd müsahibə üçün qeydə alınmır. Təqdim olunan məlumatlarda bilərəkdən yanlışlıq aşkar edilərsə, namizədin müsahibə nəticələri etibarsız sayılır.

Müsahibələrin vaxtı və yeri sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək qrafikdə açıqlanacaq. Hər meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir, yekun nəticədə isə maksimum 20 bal toplamaq mümkündür. Keçid balı 16-dır.

Qeydiyyatla bağlı texniki problemlər üzrə (012) 310 53 16 (daxili 2508, 2506) nömrəsinə və [email protected] ünvanına müraciət etmək olar. Müsahibə elanları, vəzifə təlimatları və proqramlar barədə (012) 310 53 16 (daxili 1766) nömrəsi və [email protected] ünvanı üzrə məlumat verilir.

Müəllif
Nigar
Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30