Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
"PostMedia" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il Azərbaycana səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlanıb. Bütün bunların ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib və öz salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub. İki ölkənin birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişafında roluna toxunulub. Tərəflər ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.







