Azərbaycanın yaşıl enerji istehsalı və ixracı istiqamətində həyata keçirdiyi layihələr ölkənin regional enerji xəritəsində mövqeyini daha da gücləndirir. Xüsusilə Avropa bazarına elektrik enerjisi ixracının genişləndirilməsi yeni enerji marşrutlarının yaradılmasını və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsini zəruri edir. Bu baxımdan Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması mühüm əhəmiyyət daşıyır. Sənəd Azərbaycanın bərpaolunan enerji potensialının daha geniş coğrafiyada reallaşdırılması, elektrik enerjisinin transsərhəd ötürülməsi və yeni ixrac imkanlarının formalaşdırılması baxımından yeni perspektivlər açır.
"PostMedia" xəbər verir ki, sazişin əhəmiyyəti və yaratdığı imkanlarla bağlı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq sazişi ölkəmizin Avropaya elektrik enerjisi ixracı istiqamətində yeni imkanlar açır.
“Belə ki, noyabrın 10-da Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində dörd ölkənin hökumətləri arasında imzalanmış Təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş 2025-ci ilin aprelində Bakıda imzalanmış anlaşma memorandumu ilə başlanan əməkdaşlığı hökumətlərarası müqavilə səviyyəsinə yüksəldir. Bu sənəd Azərbaycanda bərpaolunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Gürcüstan və Türkiyə ərazisindən keçməklə Türkiyə və Avropa İttifaqı bazarlarına ötürülməsi üçün əlavə marşrut yaradır. Xəzər–Qara dəniz–Avropa dəhlizi ilə yanaşı fəaliyyət göstərəcək bu yeni xətt ölkəmizin yaşıl enerji ixrac istiqamətlərinin şaxələndirilməsinə və Avropa ilə enerji ticarətinin genişləndirilməsinə mühüm töhfə verəcək.
Saziş çərçivəsində dörd ölkənin elektrik enerjisi sistemlərinin inteqrasiyası təmiz enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və təchizatı, eləcə də təhlükəsiz və fasiləsiz ötürmə üçün zəruri şərtlərin müəyyənləşdirilməsi istiqamətində həyata keçiriləcək. Eyni zamanda, tərəflər mövcud transsərhəd ötürücü infrastrukturun genişləndirilməsi və yeni ötürmə xətlərinin inşası üzrə birgə fəaliyyət göstərirlər. Sənəd “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizinin inkişafına, regional enerji bağlantılarının gücləndirilməsinə və ötürmə marşrutlarının diversifikasiyasına xidmət edir”, - deyə agentliyin mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Kamal Hacıyev onu da əlavə edib ki, yeni enerji dəhlizinin ölkəmizdə beynəlxalq tərəfdaşlarla birgə icra olunan genişmiqyaslı Günəş və külək elektrik stansiyaları layihələri ilə əlaqələndirilməsi də böyük perspektivlər vəd edir: “Belə ki, bu dəhliz həmin stansiyalardan əldə edilən enerjinin Türkiyə və Avropa bazarlarına çıxışını təmin etməklə yanaşı, bərpaolunan enerji sektoruna yeni investisiyaların cəlb olunmasına və yeni istehsal güclərinin yaradılmasına şərait yaradır. Nəticədə Azərbaycan regionun aparıcı yaşıl enerji mərkəzinə və Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir, ənənəvi enerji ixracatçısı rolunu genişləndirərək yaşıl elektrik enerjisinin də mühüm təchizatçılarından biri kimi mövqeyini möhkəmləndirir”.