FİFA prezidenti Canni İnfantino vəzifəsini qorumaq məqsədilə ABŞ prezidenti Donald Tramp administrasiyasının dəstəyini qazanmağa çalışır.
"PostMedia" xəbər verir ki, bu barədə "New York Post" (NY Post) nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, avqustun 3-də İnfantinonun ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, FİFA rəhbəri görüş zamanı futbolun Amerikanın "yumşaq güc" alətlərindən birinə çevrilməsini müzakirə etmək istəsə də, əsas məqsədin vəzifəsini qorumaq olduğu düşünülür.
NY Post yazır ki, yaranmış qalmaqaldan sonra İnfantino bir neçə dəfə telefon vasitəsilə Donald Trampla əlaqə saxlamağa da cəhd edib.
Qalmaqal FİFA prezidentinin Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ideyasını irəli sürməsindən sonra başlayıb. O, sonradan bu təşəbbüsdən imtina etsə də, təklif futbol ictimaiyyəti tərəfindən geniş tənqid olunub.
Layihə FİFA-nın kişi və qadınlar arasında əsas turnirlərini idarə edəcək ayrıca şirkətin yaradılmasını nəzərdə tuturdu. İnfantinonun fikrincə, FIFA Forward Enterprise layihəsi milli assosiasiyaların gəlirlərini artırmağa və futbolun inkişafına töhfə verməyə imkan verəcəkdi. FİFA bu təşəbbüsün 4,2 milyard dollar investisiya cəlb edə biləcəyini açıqlamışdı.
Bununla belə, layihə bir sıra futbol rəsmiləri, federasiyalar və digər təşkilatlar tərəfindən sərt tənqid olunub. Jurnalist Romen Molina isə İnfantinonun təşkilat daxilində dəstəyini itirdiyini və yaxın vaxtlarda istefa verə biləcəyini iddia edib.