Yataq vaxtından sonra telefonda vaxt keçirmək, serial izləmək və onlayn alış-veriş bir çox insanın yuxusunu qısaldır.
"PostMedia" xəbər verir ki, bu sözləri ABŞ Yuxu Tibbi Akademiyasının (AASM) sözçüsü, yuxu təbabəti üzrə həkim Aleksandre Abreu xəbər buraxılışında deyib: insanlar çox vaxt yatmaq niyyətində olduqları vaxtdan gec yatırlar, rəqəmsal fasilələr isə tövsiyə olunan yeddi saatlıq yuxunu pozaraq ümumi sağlamlığa zərər verə bilər.
AASM-in 2023-cü il sorğusuna görə, iştirakçıların 91 faizi serial izləmək üçün gec yatdığı üçün yuxusuz qaldığını deyib. 75 faiz isə internetdə gəzmənin və onlayn alış-verişin də gecə yuxusunu pozduğunu bildirib. İştirakçıların 87 faizi smartfonunu gecə yataq otağında saxladığını, yuxu gəlmədikdə isə yarısı televizoru açdığını, 45 faizi isə telefona əl atdığını qeyd edib.
Milli Sağlamlıq Statistikası Mərkəzinin (NCHS) aprel ayında dərc etdiyi yeni federal məlumatlara görə, 2024-cü ildə ABŞ-də yetkinlərin təxminən 30,5 faizi adi bir sutkada yeddi saatdan az yatıb. Hesabatda, yetkinlərin təxminən 15 faizinin ötən ay ərzində əksər günlərdə yuxuya getməkdə çətinlik çəkdiyi, 18 faizinin isə yuxunu davam etdirməkdə problem yaşadığı göstərilir. Yalnız 54,8 faiz yetkin adətən dincəlmiş halda oyandığını bildirib.
Qadınlar bu baxımdan kişilərdən daha çox çətinlik çəkir. Qadınların 18,5 faizi yuxuya getməkdə, 21,4 faizi isə yuxunu davam etdirməkdə problem olduğunu bildirib (kişilərdə bu göstəricilər müvafiq olaraq 12,2 və 14,6 faizdir). Yuxuya getmək çətinliyi ən çox 18-34 yaş arasında olanlarda müşahidə olunub və yaş artdıqca bu problem azalır.
AASM rəhbərliyi rəqəmsal fasilələrin yuxuya təsirini azaltmaq üçün bəzi tövsiyələr verib. Yuxu ilə bağlı davamlı çətinliklər yaşayanlar isə vəziyyəti ciddi qiymətləndirməli və həkimlə məsləhətləşməlidirlər.