6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

MƏHKƏMƏ

"Azenco" işində məhkəmədə Etibar Pirverdiyevin maaşı mübahisə doğurub

"Azenco" işində məhkəmədə Etibar Pirverdiyevin maaşı mübahisə doğurub
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Bakı Ağır Cinayətlər Məhkəməsində 3 milyon manatdan çox mənimsəmədə ittiham olunan "Azenco" şirkətinin keçmiş rəhbəri Vüqar Əliyevin işinə baxılan iclasda şirkətin hazırkı İdarə Heyətinin sədri Pərviz Hacıyev şahid qismində ifadə verib.

"PostMedia" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Hacıyev cinayət baş verən dövrdə İdarə Heyətinin sədri işləyib, Vüqar Əliyev isə Müşahidə Şurasının sədri olub. Əliyev 2022-2023-cü illərdə İdarə Heyətinin, sonradan isə Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Şahidi əvvəlcə prokuror Valeh Ələkbərov dindirib. Hacıyevin sözlərinə görə, bütün şirkəti Vüqar Əliyev idarə edib, maliyyə məsələlərinə də birbaşa o cavabdeh olub, bütün ödənişlər onun göstərişi ilə həyata keçirilib. Prokurorun "Elə olubmu siz Vüqar Əliyevə demisiniz ki, bu qərarınız şirkətə ziyandır, amma o, öz bildiyini edib?" sualına şahid "Bəli, olub" deyə cavab verib.

İşin əsas məsələlərindən biri keçirilmiş tenderlərlə bağlıdır. Hacıyev bildirib ki, Əliyevin dövründəki tenderlər uğursuz olub və şirkət bundan xeyir görməyib. Təqsirləndirilən şəxs isə bunun əksini deyib: onun tenderlərin keçirilməsi ilə bağlı səlahiyyəti olmayıb, tender qiymətlərini Hacıyevin özü təqdim edib.

Prokuror Əliyevdən tenderlə bağlı Özbəkistana niyə getdiyini soruşub. Əliyev bildirib ki, bu suala Etibar Pirverdiyevlə birgə cavab verməlidirlər.

İş materiallarında mənimsəmə kimi göstərilən epizodlardan biri gül mağazasından bir gündə 15 min manatlıq gül alınması ilə bağlıdır. Başqa epizodda şirkət vəsaiti hesabına içki alınması qeyd olunub. Vəkillər Hacıyevdən Əliyevə kənar xərclərlə bağlı xəbərdarlıq edib-etmədiyini soruşublar.

Şahid cavabında deyib ki, Əliyevin elə səlahiyyəti olub ki, ona heç kim xəbərdarlıq edə bilməzdi. Hacıyevin sözlərinə görə, hədiyyə məsələlərində Əliyev bunun, məsələn, Energetika Günü ilə əlaqədar olduğunu və gül ya içki alınmalı olduğunu deyirdi.

Vəkil bildirib ki, Əliyev Hacıyevə də "iPhone" markalı telefon hədiyyə edib və bu da mənimsəmə kimi yazılıb. Hacıyev isə "O biri hədiyyələri niyə saymırsız, bir dənə mənə alınan "iPhone"u gördünüz?!" deyə reaksiya verib.

Vəkilin "Etibar Pirverdiyevi tanıyırsınızmı, onun vəzifəsi nədir?" sualından sonra zalda mübahisə yaranıb. Prokuror suala etiraz edib. Hacıyev Pirverdiyevin məsələyə aidiyyətinin olmadığını, onun şirkətdə sadəcə məsləhətçi işlədiyini deyib.

Əliyevin vəkili isə şahidin yalan danışdığını bildirib: "Etibar Pirverdiyev aylıq 55 min manat maaş alır? Məsləhətçiyə bu qədər pul verirlər?" Əliyev özü də şahiddən düz danışmasını xahiş edib. O, Pirverdiyevə aralarında "şef" dediklərini, onun bütün məsələlərə nəzarət etdiyini və Özbəkistan səfərinə də onunla birgə getdiyini deyib.

İclasın sonunda vəkillər Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Əliyev vəsatəti özü əsaslandıraraq 5 azyaşlı uşağının olduğunu, atasının isə əməliyyat keçirdiyini deyib. O, istintaqın gedişinə təsir imkanının olmadığını bildirib və həbsdən azad edilməsini xahiş edib.

Əsas hakim Neymət Məmmədov vəsatətdəki əsasların əvvəlkilərlə eyni xarakterli olduğunu bildirib. Həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmadığından vəsatət təmin edilməyib. Növbəti iclas noyabrın 16-da keçiriləcək.

"Azenco" şirkətinin "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevə bağlı olduğu bildirilir. Vüqar Əliyev bir il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Kateqoriyalar

Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30