Monako knyazı II Alberin qohumu Antuan de Massi knyazlığın ərazisində yerləşən parkların birində ölü tapılıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Monaco Matin” nəşri məlumat yayıb.
29 yaşlı Antuan de Massi baron Kristian de Massi və Sesil Jelabalın oğlu, knyaz III Renyenin böyük bacısı şahzadə Antuanettanın nəvəsi, eləcə də Monakonun hazırkı knyazının qohumunun oğlu olub.
Bazar günü o, ailəvi nahara gəlməyib. Bundan sonra qohumlarından biri polisə müraciət edib. Bir neçə saat sonra kişinin meyiti Larvotto bulvarı boyunca yerləşən yaşıllıq ərazisində aşkarlanıb.
Monakonun baş prokuroru Stefan Tibo ölümün səbəblərini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanlarının araşdırmaya başladığını bildirib.
İş çərçivəsində hadisə yerinin yaxınlığında müşahidə kameralarına düşən bir nəfər saxlanılıb. Hazırda o, dindirilir. Lakin nəşrin məlumatına görə, saxlanılan şəxs iş üzrə yalnız şahid qismində iştirak edə bilər.
