Almaniya kansleri Fridrix Mertz Monteneqronun 2028-ci ildə Avropa İttifaqının 28-ci üzvü ola biləcəyini bildirib.
"PostMedia" “Balkan Insight”a istinadən xəbər verir ki, o, bu barədə cümə axşamı Monteneqronun Miloçer şəhərində keçirilən Berlin Prosesi sammitində danışıb və Qərbi Balkan ölkələrini islahatları sürətləndirməyə, regional əməkdaşlığı gücləndirməyə çağırıb.
“Biz bunun real olduğunu düşünürük”, – Mertz Monteneqronun baş naziri Miloyko Spayiçlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Sammitin açılışında kansler Avropa İttifaqının genişlənməsi prosesində iyun ayında Tivatda keçirilən əvvəlki görüşdən sonra əldə olunan irəliləyişi qeyd edib. Onun sözlərinə görə, Avropa və region liderləri Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük prosesini konstruktiv məcraya qaytara biliblər.
Mertz vurğulayıb ki, Avropa İttifaqına mərhələli inteqrasiya namizəd ölkələrdə aparılan islahatların real nəticələrindən asılı olmalıdır. Almaniya və Fransanın fəal şəkildə təşviq etdiyi bu yanaşma rəsmi üzvlükdən əvvəl də bəzi Aİ imkanlarından yararlanmağı nəzərdə tutur.
Bura Aİ-nin vahid bazarına, tədqiqat və təhsil proqramlarına daha geniş çıxış, eləcə də Avropa İttifaqının bəzi iclaslarında səsvermə hüququ olmadan iştirak etmək imkanı daxil ola bilər. Bununla yanaşı, ölkə islahatlardan imtina edərsə, ona verilən imkanlar geri götürülə bilər.
“Bir məqamı dəqiqləşdirmək istəyirəm: mərhələli inteqrasiya da nailiyyətlərə əsaslanmalıdır. Avropa İttifaqı öz üzərinə düşən işi görüb, lakin islahatlar və siyasi iradə sizdən gəlməlidir”, – Mertz bildirib.
O, Qərbi Balkan dövlətlərini bir-biri ilə daha sıx əməkdaşlıq etməyə çağırıb. Kanslerin sözlərinə görə, iqtisadi inteqrasiya regionun investorlar üçün cəlbediciliyini artıracaq və ölkələrin Aİ-nin vahid bazarına daxil olmağa hazırlaşmasına kömək edəcək.
“Siz Avropa İttifaqında yalnız birlikdə işlədiyiniz halda uğur qazanacaqsınız və bunu edirsiniz. Vahid bazarda səkkiz milyon insan investorlar üçün altı kiçik bazardan daha cəlbedicidir”, – kansler deyib.
Monteneqronun baş naziri Miloyko Spayiç Aİ-nin genişlənməsini Avropanın təhlükəsizliyi və birliyi üçün mühüm şərt adlandırıb. O, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi təsdiqləyərək genişlənmənin “qitəmizin yenidən birləşməsinə” xidmət etməli, hələlik Avropa İttifaqından kənarda qalan avropalılara azadlıq, təhlükəsizlik və yeni imkanlar gətirməli olduğunu bildirib.
Ukraynadakı müharibənin dayandırılması istiqamətindəki səyləri şərh edən Mertz isə Avropanın danışıqlarda iştirakı olmadan davamlı sülhün mümkün olmadığını vurğulayıb.