“Çağırışlarımız var. Bunlara Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərimiz də daxildir və bu istiqamətdə iş aparacağıq”.
"PostMedia" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də hökumətin iclasında bildirib.
“İqtisadi fəallığın təmin edilməsi, eləcə də suverenliyin, müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi siyasətimizin əsas məqsədləri olacaq. Bunlar bir-biri ilə əlaqəlidir və biri digərindən irəli gəlir.
İqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində nəzərəçarpan nəticələr əldə etmişik. Mövcud göstəricilər bu əlaqələrin daha da dərinləşəcəyinə ümid verir və biz məhz bu istiqamətə diqqət yetirməliyik”, - o vurğulayıb.
Baş nazirin sözlərinə görə, inflyasiya meyilləri qlobal proseslərin nəticəsidir.
“Bununla belə, biz “əmək vasitəsilə rifah” strategiyasından kənara çıxmamalıyıq. Çətinliklər, əlbəttə, olacaq, lakin əvvəlki dövrlərdə etdiyimiz kimi, onları idarə etməliyik”, - Paşinyan fikrini yekunlaşdırıb.