İran ABŞ-nin ölkənin enerji obyektlərinə qarşı istənilən təhdidini cavabsız qoymayacaq.
"PostMedia" xəbər verir ki, bunu İranın neft naziri Həmid Bovard bəyan edib.
“Düşmənin təhdidlərinə qarşı lazımi anda düzgün və adekvat cavab tədbirləri görəcəyik”, – “Al Jazeera” telekanalı nazirin sözlərini sitat gətirib.
Bovard, eyni zamanda, ABŞ-nin İrana qarşı hərəkətlərinin bütün dünyada enerji sektoruna dağıdıcı təsir göstərdiyini bildirib.
Bundan əvvəl “CNN” ABŞ rəsmilərinə istinadən Vaşinqtonun İranın enerji infrastrukturuna və nüvə obyektlərinə zərbələr endirmək planları hazırladığını xəbər verib. Məlumata görə, bu məqsədlə ABŞ arsenalındakı ən güclü qeyri-nüvə aviasiya bombasından istifadə variantı nəzərdən keçirilir.
Mənbələrin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərdən əvvəl və ya sonra hərbi əməliyyatların bərpasına göstəriş verərsə, Vaşinqton İrana qarşı 9,5 tonluq GBU-43/B (Massive Ordnance Air Blast – MOAB) bombasından istifadə etməyi nəzərdən keçirir. “Bütün bombaların anası” adlandırılan bu bomba böyük dağıdıcı gücə malikdir.
Bomba ilk dəfə 2003-cü ildə sınaqdan keçirilib, 2017-ci ildə isə Əfqanıstanda “İslam Dövləti” terror qruplaşmasının mövqelərinə qarşı tətbiq olunub.