Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
“PostMedia” yeni icra başçısının tərcümeyi-halı və karyera yolu barədə məlumatları təqdim edir.
36 yaşlı Orxan Məmmədov dövlət idarəçiliyi və hüquq sahələrində təcrübəsi ilə seçilir.
O, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsini bitirərək ikinci ali təhsilini tamamlayıb. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alır.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunana qədər Orxan Məmmədov Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə həmin qurumun başçısı Aparatının Hüquq şöbəsinin müdiri olub.
Dövlət idarəçiliyində müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərmiş Orxan Məmmədov bundan sonra Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edəcək.