"Ağ Ev"in kommunikasiya direktoru Stiven Çenq Hollivud aktyoru Corc Kluni barədə sərt açıqlama verərək onu “hərbi cinayətkar” adlandırıb.
"PostMedia" xəbər verir ki, buna səbəb aktyorun ABŞ Prezidenti Donald Tramp barədə etdiyi kəskin ictimai tənqid olub. Tramp daha əvvəl İranla bağlı çıxışında “bütün bir sivilizasiyanın məhv ola biləcəyini” demişdi.
İtaliyada məktəblilər qarşısında çıxış edən Kluni isə bildirib:
“Əgər kimsə sivilizasiyanı məhv etmək istədiyini deyirsə, bu, hərbi cinayətdir”.
Buna cavab olaraq Çenq "X" sosial şəbəkəsində yazıb:
“Yeganə hərbi cinayət törədən şəxs Corc Klunidir — öz dəhşətli filmləri və bərbad aktyorluğu ilə.”
Daha sonra aktyor "The Hollywood Reporter" nəşrinə açıqlamasında hökumətin reaksiyasını tənqid edib. Onun sözlərinə görə, dünyada ciddi hadisələr baş verdiyi bir vaxtda “uşaqvari təhqirlərə” yer yoxdur.
Kluni bildirib ki, insanlar həyatlarını itirir, uşaqlar ölür və qlobal iqtisadiyyat böyük risk qarşısındadır. Buna görə də yüksək səviyyədə ciddi müzakirələr aparılmalıdır, şəxsi təhqirlər yox.
Aktyor tənqidlərə istehzalı şəkildə də cavab verib. O qeyd edib ki, administrasiyanın müdafiə üsulu onu uğursuz aktyor adlandırmaqdırsa, buna qismən razılaşa bilər. Kluni zarafatla əlavə edib ki, xüsusilə də "Batman & Robin" filmindən sonra bu fikirlə razılaşmaq mümkündür.