Rumıniyanın Baş naziri Luka Nikolesku Moldova ilə Rumıniyanın mümkün birləşməsinin hər iki ölkənin vətəndaşlarının iradəsindən asılı olduğunu bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.
Nikolesku bu fikirləri Kişinyovda "TVR Moldova" televiziyasına verdiyi müsahibədə səsləndirib. Onun sözlərinə görə, hazırkı mərhələdə prioritet ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Moldovanın Avropa İttifaqına yaxınlaşdırılmasıdır.
"Aydındır ki, ölkələrimiz arasında çoxlu əlaqələr var və birləşmə mövzusu, o cümlədən çətin dövrlərdə müzakirə olunur. Tam aydın deyirəm: birləşmə hər iki ölkənin vətəndaşları bunu istədikdə mümkün olacaq. Ondan əvvəl isə biz Rumıniya ilə Moldovanı daha da yaxınlaşdırmağa, Moldovanı Avropa İttifaqına yaxınlaşdırmağa, aramızda yeni körpülər və əlaqələr yaratmağa çalışırıq", — deyə Nikolesku bildirib.
İki ölkənin birləşməsi mövzusu Ukraynadakı müharibə və Rusiyanın Kişinyova təzyiqi fonunda yenidən diqqət mərkəzinə düşüb. Bu amillər Moldovanın təhlükəsizliyi və gələcək inkişafı ilə bağlı narahatlıqları artırır.
2026-cı ilin əvvəlində Moldovanın prezidenti Maya Sandu britaniyalı jurnalistlər Rori Stüart və Alasteyr Kempbelə verdiyi müsahibədə bu məsələ ilə bağlı referendum keçirilsə, Rumıniya ilə birləşmənin lehinə səs verəcəyini demişdi. Eyni zamanda Sandu etiraf edib ki, Moldovada birləşməni dəstəkləyən çoxluq yoxdur. Onun fikrincə, daha real hədəf Aİ-yə üzvlükdür, bu isə ölkəyə suverenliyini qorumağa və demokratiyanı möhkəmləndirməyə imkan verəcək.
Rumıniyanın prezidenti Nikuşor Dan 2025-ci ildə Almaniya mediasına verdiyi müsahibədə şəxsən Moldova ilə birləşməni dəstəklədiyini bildirmişdi. Lakin o vurğulamışdı ki, Moldova vətəndaşları mövcud dövlətçiliyi qorumağa üstünlük verdiyi müddətcə Buxarest heç bir addım atmayacaq.
2018-ci ildə Rumıniya parlamenti isə iki ölkənin birləşməsinin tərəfdarlarının istəyini qanuni saydığını açıqlamış, birləşmə Moldova vətəndaşlarının azad iradə ifadəsinin nəticəsi olarsa, onu dəstəkləməyə hazır olduğunu bildirmişdi.