ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın prezidenti Vladimir Putinə Ukraynada müharibənin başa çatdırılmasına dair Amerikanın təkliflərini əks etdirən sənəd təqdim edib.
"PostMedia" xəbər verir ki, bu barədə "RBC-Ukrayna" məlumat yayıb.
Sənəddə, xüsusilə, Ukraynanın neytral statusu, ordusunun say tərkibi, ərazilər və təhlükəsizlik zəmanətləri məsələləri əks olunub. Ukrayna prezidenti Volodimir Zelenski bu barədə "TSN. Nedelya" verilişinin aparıcısı Alla Mazura müsahibəsində danışıb.
Zelenskinin sözlərinə görə, Kiyev həm Ukrayna ordusunun məhdudlaşdırılmasını, həm də ölkənin neytral status alması tələbini qəbuledilməz hesab edir. Bununla yanaşı, o, Vaşinqtonla əldə olunmuş razılaşmaları əsas gətirərək, Amerikanın hazırladığı təkliflərin bütün təfərrüatlarını açıqlamayıb.
Ukrayna prezidenti vurğulayıb ki, ölkənin təhlükəsizlik zəmanətləri Rusiyanın qərarı ilə müəyyən edilə bilməz. Onun sözlərinə görə, ərazi məsələsi Kiyev üçün prinsipial əhəmiyyət daşıyır və yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər.
"Ukrayna heç nəyi dəyişdirmək niyyətində deyil, lakin müzakirələrə hazırıq", — deyə Zelenski bildirib.
O əlavə edib ki, Amerika tərəfi ərazi məsələsində Kiyevin hansı güzəştlərə getməyə hazır olduğu sualını mütəmadi olaraq gündəmə gətirir.
Mümkün razılaşmanın digər aspektləri, o cümlədən təhlükəsizlik zəmanətləri və Ukraynanın NATO ilə münasibətlərinin gələcəyi texniki qruplar tərəfindən müzakirə oluna bilər.
Zelenski qeyd edib ki, belə zəmanətlər onları təqdim etməyə hazır olan dövlətlərin konkret öhdəliklərini nəzərdə tutur. Kiyev bu prosesdə ABŞ və Avropa ölkələrinin iştirak edəcəyinə ümid edir.
Eyni zamanda, Ukrayna prezidenti vurğulayıb ki, Uitkoffun Putinə təqdim etdiyi sənəd Rusiyanın təsdiqləməli olduğu hazır plan deyil.
"Qərarı Rusiya vermir. Qərarı bütün tərəflər qəbul edir. Müzakirə üçün təkliflər var, o cümlədən ABŞ tərəfindən irəli sürülən təkliflər. Onlar bu təklifləri bizimlə müzakirə edirlər", — deyə Zelenski izah edib.