Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 1 faiz bəndi azaldaraq 37%-dən 36%-ə endirib.
"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qərar Pul Siyasəti Komitəsinin iclasında qəbul edilib.
Bu, ilin əvvəlindən bəri uçot dərəcəsinin ilk dəfə azaldılmasıdır. Mərkəzi Bank bankların birgünlük kreditləşmə faizini də 40%-dən 39%-ə, birgünlük depozit faizini isə 35,5%-dən 34,5%-ə endirib.
“İnflyasiya aylıq göstəricilər üzrə müəyyən dəyişikliklər göstərsə də, son məlumatlar və qabaqlayıcı göstəricilər inflyasiyanın ümumi tempinin azaldığını təsdiqləyir. İqtisadi fəallıq göstəriciləri və təklif amillərinin daxili qiymətlərə məhdud təsiri daxili tələbin hələ də zəif olduğunu göstərir”, - Mərkəzi Bankın açıqlamasında bildirilib.
Bununla yanaşı, Türkiyənin baş bankı geosiyasi gərginliyin və enerji daşıyıcılarının bahalaşmasının inflyasiya riskləri yaratmaqda davam etdiyini vurğulayıb.