Ermənistan 2026-cı ilin dekabr ayına qədər Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlüyünü qoruyub saxlamaq məsələsi ilə bağlı ümumxalq referendumu keçirilməsi barədə qərar qəbul etməlidir. Həmin vaxt Aİİ-yə üzv dövlətlərin liderlərinin görüşündə İrəvana münasibətdə mümkün növbəti addımlar məsələsi müzakirə olunacaq.
"PostMedia" xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
“Əlbəttə, əgər həmin vaxta qədər referendum keçirilməsi ilə bağlı çağırış eşidilməsə, liderlər gələcək müvafiq birgə addımları müəyyənləşdirərkən bu faktı nəzərə alacaqlar”, — deyə o bildirib.
Rusiya XİN-in müavini xatırladıb ki, “mayın 29-da Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Ermənistanın Avropa yönümlü istəkləri ilə bağlı qəbul etdiyi birgə bəyanatda bu ölkədə mümkün qədər qısa müddətdə Avropa İttifaqına qoşulmaq və ya Aİİ-də qalmaq məsələsi üzrə ümumxalq referendumunun keçirilməsinin zəruriliyindən bəhs olunur, lakin konkret müddət göstərilmir”.
“Eyni zamanda artıq bildirilib ki, bu məsələ dekabr ayında keçiriləcək Avrasiya Ali İqtisadi Şurasının iclasında yenidən müzakirə olunacaq. Həmin iclasda dövlət başçılarına 2014-cü il mayın 29-da imzalanmış Aİİ müqaviləsinin Ermənistanla bağlı fəaliyyətinin dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim edilməlidir”, — Qaluzin qeyd edib.