Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək.
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi müəyyən edilib. İnstitutun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçəcək.
Bununla əlaqədar Nazirlər Kabinetinin əvvəlki qərarlarında da dəyişiklik ediləcək.
Belə ki, doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısında Naxçıvan Müəllimlər İnstitutuna aid hissə ləğv ediləcək.
Həmçinin Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının “Ali təhsil müəssisələri” bölməsində Naxçıvan Müəllimlər İnstitutuna aid hissə ləğv olunacaq.
Bundan əlavə, Naxçıvan Müəllimlər İnstitutunun yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2024-cü il 7 sentyabr tarixli qərarının müvafiq hissəsi ləğv ediləcək.
Qərardan irəli gələn məsələlərin həlli Elm və Təhsil Nazirliyinə həvalə olunub.