Finlandiyanın 1887-ci ildə yaradılmış "Suomen Tietotoimisto" (STT) xəbər agentliyi 2027-ci ilin mart ayının sonunadək xəbər jurnalistikası və foto-jurnalistika sahələrində fəaliyyətini dayandıracaq.
"PostMedia" xəbər verir ki, qərar yenidənqurma ilə bağlı danışıqlar başa çatdıqdan sonra qəbul edilib və bu barədə agentliyin özü oktyabrın 29-da məlumat yayıb.
Bu istiqamətlərin bağlanması nəticəsində 89 nəfər işini itirəcək, onların 68-i jurnalistdir. Danışıqlar 95 daimi əməkdaşı əhatə edirdi. İlkin qiymətləndirmələrə görə, jurnalistika ilə məşğul olmayan altı əməkdaşa şirkətdə qalmaq təklif olunacaq. Bundan əlavə, 30 müddətli əmək müqaviləsinin və çərçivə sazişinin qüvvəsi başa çatacaq.
STT 2027-ci il martın 31-dək müştərilərə adi rejimdə xidmət göstərməyə davam edəcək. Eyni zamanda şirkət və təşkilatların press-relizlərinin yayımı ilə məşğul olan "STT Viestintäpalvelut" bölməsi fəaliyyətini davam etdirəcək. Orada yeddi nəfər çalışır və yenidənqurma onlara şamil edilmir.
Bağlanma qərarı illər boyu çəkilən maliyyə itkiləri və sahiblərin biznesin sonrakı inkişafı üçün kifayət qədər dəstək verməməsi ilə əlaqələndirilir. Xərclərin azaldılması ilə bağlı əvvəlki tədbirlər şirkətin maliyyə sabitliyini təmin etməyib.
Əlavə zərbə agentliyin ən iri səhmdarı və müştərisi olan "Sanoma Media Finland" media şirkətinin STT-nin xəbər və foto materiallarından istifadəni xeyli azaltmaq qərarı olub. Son bir il ərzində "Sanoma" agentliyin inkişafı üçün məsuliyyəti bölüşməyə hazır olan başqa tərəfdaşlar tapmağa çalışıb, lakin sahiblər dairəsinin genişləndirilməsi ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Finlandiya hakimiyyəti STT-yə təxminən 1 milyon avro dövlət yardımı ayrılması imkanını müzakirə edib, lakin agentlik bu vəsaiti fəaliyyətini davam etdirmək üçün qeyri-kafi sayaraq imtina edib.
STT-nin rəhbəri Kimmo Laaksonen xəbər və foto istiqamətlərinin bağlanmasını şirkət üçün ağır hadisə adlandırıb. O bildirib ki, agentlik müştərilər qarşısındakı öhdəliklərini sona qədər yerinə yetirməyi və əməkdaşlarına qayğı göstərməyi planlaşdırır. Şirkət həmçinin arxivlərinin və hazırlanan texnologiyaların sonrakı kommersiya istifadəsi imkanlarını araşdıracaq.
STT 1887-ci ildə yaradılıb və təxminən 140 il Finlandiya mediasını xəbər və fotolarla təmin edib. Onun materiallarından ölkənin ən böyük qəzetləri, yayımçı şirkətləri və digər redaksiyalar istifadə edib.