ABŞ-də 2027-ci maliyyə ili üçün “Green Card” lotereyasının bərpası barədə məhkəmə qərarı çıxarılıb. Federal hakim administrasiyaya qeydiyyat prosesini başlatmağı tapşırıb.
“PostMedia” xəbər verir ki, oktyabrın 14-də federal hakim Cinsuk Ohta ABŞ Dövlət katibi Marko Rubio və Dövlət Departamentindən lotereyanın keçirilməsini təmin etməyi tələb edib.
Məhkəmə qərarına əsasən, qeydiyyat tarixləri oktyabrın 29-dək açıqlanmalı, müraciətlərin qəbulu isə noyabrın 1-dən gec olmayaraq başlamalıdır. Qeydiyyat müddətinin ən azı 30 gün davam etməsi nəzərdə tutulur.
Lotereyada seçilən şəxslər barədə məlumatın dekabrın 3-dək açıqlanması planlaşdırılır. Bununla belə, qeydiyyatın faktiki başlanması və tarixlər barədə son məlumatlar ABŞ Dövlət Departamentinin rəsmi elanları əsasında dəqiqləşdirilməlidir.
Lotereyanın qeydiyyatı 2025-ci ilin noyabrında təxirə salınmışdı. Həmin vaxt Dövlət Departamenti yeni tarixlərin daha sonra açıqlanacağını bildirsə də, prosesin gecikməsi proqramın taleyi ilə bağlı qeyri-müəyyənlik yaratmışdı.
“Red Eagle Law” hüquq şirkəti qeydiyyatın açılmaması ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə administrasiyadan lotereyanın bərpasını tələb etsə də, ABŞ hökuməti qərardan apellyasiya şikayəti verib.
“Green Card” lotereyası ABŞ-yə immiqrasiya səviyyəsi aşağı olan ölkələrin vətəndaşlarına daimi yaşayış hüququ əldə etmək imkanı yaradır. Proqram çərçivəsində hər il 55 minədək immiqrasiya vizası nəzərdə tutulur.
Lotereyada seçilmək vizanın avtomatik verilməsi demək deyil. Namizədlər təhsil və ya iş təcrübəsi tələblərinə, eləcə də digər immiqrasiya şərtlərinə cavab verməlidirlər.
2027-ci maliyyə ili üzrə viza prosedurlarının son tarixi 30 sentyabr 2027-ci il olaraq qalır. Qeydiyyatın gecikməsi seçilmiş şəxslərin sənədlərini hazırlaması və viza alması üçün mövcud vaxtı azalda bilər.
Müraciətçilərə rəsmi məlumatları ABŞ Dövlət Departamentinin saytından izləmək və qeydiyyat açıldıqda yalnız dvprogram.state.gov portalından istifadə etmək tövsiyə olunur. Heç bir vasitəçi lotereyada qalib gəlməyə zəmanət verə bilməz.