ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. O bildirib ki, bu cür hücumlar dünya bazarında enerji qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olur.
"PostMedia" xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə rəğbət bəsləmədiyini və onu Rusiya Prezidenti Vladimir Putinlə müqayisədə danışıqlar aparılması daha çətin tərəfdaş hesab etdiyini bildirib.
“Zelenski bizim iş görməli olduğumuz adam deyil. O, razılaşma əldə etmək istəmir. Razılaşmaq istədiyini deyir, amma əslində bunu istəmir. Xeyr, mən Zelenskinin böyük pərəstişkarı deyiləm”, – ABŞ Prezidenti deyib.
Cümə axşamı Ukrayna Rusiyanın neft infrastrukturuna hücumları bərpa edərək qısa fasiləyə son qoyub. Bu, Zelenskinin Trampın enerji infrastrukturu ilə bağlı elan etdiyi atəşkəsə baxmayaraq, Moskvanı Ukraynanın enerji obyektlərinə zərbələri davam etdirməkdə ittiham etməsindən sonra baş verib.
Rusiya rəsmilərinin məlumatına görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Moskvadan təxminən 290 kilometr cənub-şərqdə yerləşən Ryazan vilayətindəki neft emalı zavoduna hücum edib.
Yeni hücumları şərh edən Tramp onların dünya bazarında enerji qiymətlərinin artmasına səbəb olduğunu bildirib.
“Əgər mənə desəniz ki, Zelenski yenidən neft emalı zavodlarına zərbələr endirir, deməli, onun əldə etdiyi yeganə nəticə dünya bazarında neft qiymətlərinin yüksəlməsidir”, – ABŞ Prezidenti deyib.
“Məncə, bu, biabırçılıqdır. Çoxlu başqa hədəflər var... Zərbə endirilə biləcək çoxlu obyekt mövcuddur”, – Tramp əlavə edib.
“Amma dizel yanacağının istehsal olunduğu neft emalı zavodlarına hücum edəndə, bu yanacaq bizə və bütün dünyaya lazımdır. Beləliklə, siz dünyaya yaxşılıq etmiş olmursunuz”, – o vurğulayıb.
Müharibəni prezidentlik müddətinin sonunadək başa çatdırmağın mümkün olub-olmadığı barədə suala cavabında Tramp razılaşma əldə ediləcəyinə dair nikbinliyini ifadə edib. Bununla belə, o, Zelenskinin danışıqlara hazır olduğuna yenidən şübhə ilə yanaşıb.
“Müharibə tezliklə başa çatmalıdır. Düşünürəm ki, əslində hər iki tərəf bunun bitməsini istəyir. Amma mənə elə gəlir ki, Zelenski ilə razılığa gəlmək Putinlə müqayisədə daha çətindir”, – ABŞ Prezidenti bildirib.
Tramp çətinliklərin bir hissəsini Rusiya və Ukrayna liderləri arasındakı qarşılıqlı şəxsi antipatiya ilə əlaqələndirib.
“Bildiyiniz kimi, Putin Zelenskiyə nifrət edir, Zelenski də Putinə nifrət edir. Belə bir nifrət olduqda, hər hansı məsələ ilə bağlı razılığa gəlmək çox çətinləşir”, – o deyib.
ABŞ Prezidenti Ukraynada yeni seçkilərin keçirilməsi məsələsini də qaldıraraq, davam edən müharibə fonunda Zelenskiyə ictimai dəstəyin qorunub-saxlanılmasına şübhə ilə yanaşıb.
“Düşünürəm ki, seçkilər keçirilməlidir. Çünki heç kim mənə Ukrayna xalqının raketlərin yaşayış binalarına düşməsindən razı qaldığını demir”, – Tramp bildirib.