İranın cənub-şərqində, Ərəbistan dənizində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşması 14 döyüş gəmisinə qədər azalıb.
"PostMedia" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında bildirilir.
Hazırda Ərəbistan dənizində “USS George Washington” və “USS George Bush” aviadaşıyıcılarının rəhbərlik etdiyi iki ABŞ aviadaşıyıcı zərbə qrupu döyüş növbətçiliyi aparır. Hər aviadaşıyıcıda 48 qırıcı təyyarə yerləşdirilib. Aviadaşıyıcılardan əlavə, İran yaxınlığında doqquz raket esminesi və dəniz piyadalarının ekspedisiya batalyonunu daşıyan üç iri desant gəmisi var.
Döyüş gəmiləri, təyyarələr və dəniz piyadaları, ilk növbədə, İranın dəniz blokadasını təmin etmək və Hörmüz boğazından ticarət gəmilərinin təhlükəsiz keçidinə zəmanət vermək üçün cəlb olunub.
Bundan əvvəl regionda, o cümlədən hərbi əməliyyatların aparıldığı ərazilərdə ABŞ-nin döyüş gəmilərinin sayı 20-ni ötüb.
Eyni zamanda, Yəməndəki münaqişə fonunda Qırmızı dənizdə ABŞ-yə məxsus iki esmines fəaliyyət göstərir. ABŞ Hərbi Dəniz Qüvvələrinin daha üç esminesi və bir kreyseri isə Hind okeanının şimal-qərb hissəsində yerləşir.