Cənubi Koreyanın Pusan şəhərində dar şəhər kanalına girən 3,5 metr uzunluğunda köpəkbalığı gözlənilmədən yerli turistik məkana çevrilib.
"PostMedia" “The Guardian”a istinadən yazır ki, 10 gün ərzində təxminən 600 min insan köpəkbalığını görmək üçün əraziyə gəlib.
Köpəkbalığı ilk dəfə sentyabrın 18-də “North Port Waterfront Park” parkının yaxınlığındakı kanalda aşkarlanıb. Heyvana Pusanın Şimal limanının adından götürülmüş Bukan ləqəbi verilib.
Mütəxəssislərin fikrincə, bu, bürünc köpəkbalığıdır (Carcharhinus brachyurus). Ehtimal olunur ki, heyvan ovunun ardınca dənizdən kanala girib, lakin sonradan geri qayıtmaq üçün yol tapa bilməyib.
Həmin gün sahil mühafizəsi köpəkbalığını dənizə çıxarmağa çalışıb. Lakin alimlərin tövsiyəsi ilə altı saat sonra əməliyyat dayandırılıb. Mütəxəssislər heyvanı zorla çıxarmaq cəhdlərinin ona xəsarət yetirə və ya aqressivləşdirə biləcəyi barədə xəbərdarlıq ediblər.
Çərşənbə axşamı xilasedicilər yenidən cəhd ediblər. Qayıqlar köpəkbalığının arxasından su şırnaqları vuraraq onu kanalın çıxışına doğru hərəkət etməyə məcbur etməyə çalışıblar. Bu üsul daha əvvəl 2004-cü ildə ABŞ-nin Massaçusets ştatının sahillərində dayazlığa düşmüş böyük ağ köpəkbalığının xilas edilməsi zamanı tətbiq olunub.
İlk cəhd uğursuz olub: köpəkbalığı qayıqların yanından keçərək yenidən kanala qayıdıb. Daha sonra heyvan su hövzəsini tərk etmək istəmədiyi üçün əməliyyat yenidən dayandırılıb.
Cənubi Koreyanın Milli Balıqçılıq Elmləri İnstitutu köpəkbalığının vəziyyətinin stabil qaldığını açıqlayıb. Lakin mütəxəssislər qeyd edirlər ki, kanalda onun normal hərəkət etmək və qida əldə etmək imkanları məhduddur. Buna görə də burada uzun müddət qalması heyvanı zəiflədə bilər.
Bu arada köpəkbalığı Pusanın əsl ulduzuna çevrilib. Sentyabrın 19-dan 28-dək Şimal limanının yaxınlığındakı parkı 607 min nəfər ziyarət edib. Halbuki adi bayram günlərində park gündə təxminən 2 min ziyarətçi qəbul edir.
Pusan meri Çon Çje Son da köpəkbalığının pərəstişkarlarından biridir. Onun sözlərinə görə, köpəkbalığı hər 5-10 dəqiqədən bir suyun səthinə çıxır və əsl “ulduz xarizmasına” malikdir.
Şəhər hətta köpəkbalığını Pusanın tanıtımı üzrə fəxri səfir təyin edib. “Instagram”da keçirilən sorğuda iştirakçıların 91 faizi bu ideyanı dəstəklədikdən sonra heyvana “şarfluencer” titulu verilib. Bu ad ingiliscə shark (köpəkbalığı) və influencer (influencer) sözlərinin birləşməsindən yaranıb. Heyvanın adından sertifikatı şəhərin maskotu Bugın qəbul edəcək.
Köpəkbalıqlarına Cənubi Koreyanın sularında mütəmadi rast gəlinir. Balıqçılıq institutunun məlumatına görə, yalnız bu ilin ilk yarısında ölkənin şərq sahillərində 46 iri köpəkbalığı qeydə alınıb. Bu, ötən illə müqayisədə təxminən dörd dəfə çoxdur. Tədqiqatçılar onların sayının artmasını dənizin istiləşməsi və qidaları olan balıqların sayının çoxalması ilə əlaqələndirirlər.
Geçersiz YouTube URL'si