İndoneziyanın Yava adasında yerləşən Papandayan vulkanı vulkanik qazların yüksək konsentrasiyası səbəbindən parlaq mavi alovla püskürüb.
"PostMedia" xəbər verir ki, bu barədə “Antara” İndoneziya Geologiya Agentliyinə istinadən məlumat yayıb.
Qeyri-adi alovlanma sentyabrın 24-də Manuk kraterində müşahidə olunub. Mütəxəssislərin məlumatına görə, buna yüksək temperaturda kükürd tərkibli qazın çıxması səbəb olub. Qaz oksigenlə təmasda olduqda alovlanıb və alova xarakterik mavi rəng verib.
Ölçmələr göstərib ki, kükürd dioksidinin (SO₂) konsentrasiyası 230 ppm, hidrogen-sulfidin (H₂S) konsentrasiyası isə 120 ppm təşkil edib. Bu göstəricilər təhlükəsiz həddi aşır və insanlar üçün təhlükəlidir.
Mavi alovlanmanın intensivliyi sonradan azalsa da, vulkanik qazlar hələ də təhlükəli olaraq qalır. Manuk krateri əsas turizm cığırının və düşərgənin yaxınlığında yerləşdiyindən hakimiyyət aktiv kraterlərə girişi məhdudlaşdırıb. Turistlərə və yerli sakinlərə kraterlərə 500 metrdən yaxın məsafəyə yaxınlaşmaq qadağan edilib.
Kükürd tərkibli qazların yanması nəticəsində yaranan mavi alovlanma nadir təbiət hadisəsi hesab olunur və aktiv vulkanik fəaliyyətin müşahidə edildiyi ərazilərdə baş verə bilər.