Gürcüstan-Azərbaycan sərhədində gömrük əməkdaşları bəyan edilməmiş böyük həcmdə gümüş əşyaların ölkəyə gətirilməsi cəhdinin qarşısını alıblar.
"PostMedia" xəbəre verir ki, bu barədə "Georgia Online" Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinə istinadən məlumat yayıb.
Qaçaqmalçılıq yolu ilə gətirilməyə cəhd edilən yük Gürcüstan vətəndaşının idarə etdiyi yük maşınının “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində hərtərəfli yoxlanılması zamanı aşkarlanıb.
Gizli saxlancda ümumilikdə 9038 qram gümüş əşya aşkar edilib. Qurum onların gömrük dəyərini 38 289 lari, yəni təxminən 15 min ABŞ dolları qiymətləndirib.
Aşkarlanan yükün içərisində oyma dəstəkli və emallı dekorasiyalı gümüş qaşıq dəstləri, qədəhlər, kiçik fincanlar və stəkanlar, desert üçün qızıl suyuna çəkilmiş kürəklər və oyma maqqaşlar olub. Gömrükçülər həmçinin kənarları qızıl suyuna çəkilmiş iri külqabılar, ayaqlı qədəhlər, üzərində oyma naxışlar olan mücrülər və zinət əşyaları aşkar ediblər.
Qaçaqmalçılıq yolu ilə gətirilən yük müsadirə olunub. İş materialları aşkar edilmiş əşyalarla birlikdə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim edilib və araşdırma davam etdiriləcək.