Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Dilicanda sülh gündəliyini müzakirə ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə "Armenian Council" məlumat yayıb.
Noyabrın 26-27-də "Sülh körpüsü" təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masada iki ölkədən vətəndaş cəmiyyəti təşkilatlarının, media və ekspert dairələrinin təxminən 60 nümayəndəsi iştirak edib. Bu, təşəbbüs çərçivəsində beşinci görüş olub.
İştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində dəstəklənən sülh gündəliyini, Azərbaycan–Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanlarını, eləcə də cəmiyyətlər arasında qarşılıqlı etimadın artırılması yollarını müzakirə ediblər.
Görüşdə davamlı iqtisadi əməkdaşlıq, Cənubi Qafqazda ticarət və nəqliyyat əlaqələrinin inkişafı, humanitar məsələlər barədə də fikir mübadiləsi aparılıb. Gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli birbaşa əlaqələrin qurulması gündəlikdə olub.
İştirakçılar Alen Simonyan və Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan ilə görüşərək onlara suallar ünvanlayıblar. Komitələr üzrə müzakirələrdə isə müxtəlif sahələrdə mövcud çətinliklər və əməkdaşlıq imkanları nəzərdən keçirilib.