Təbii halda mövcud olan “L-β-aminoisobutirik” turşusu (L-BAIBA) əzələlərin gücünü, yorgana qarşı müqavimətini artırır və fiziki göstəriciləri yaxşılaşdırır.
"PostMedia" xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqat “L-BAIBA”nın məşq zamanı ifraz olunan siqnal olduğunu və əzələlərin məşqə adaptasiya olaraq güc, struktur və dözümlülüyünü yaxşılaşdırmasına yardım etdiyini göstərib.
Tədqiqatı Lids Universitetindən Professor Li Roberts rəhbərlik edib.
Alimlər molekulun əzələlərin yorğunluğa qarşı müqavimətini artırdığını və zədələnməyə qarşı qoruduğunu, həmçinin 2-ci tip diabetlə əlaqəli əzələ zədələnməsinin qarşısının alınmasında potensial rol oynaya biləcəyini bildirirlər.
Alimlər “L-BAIBA”nın məşqdən sonra əzələlərin metabolik qabiliyyətini və kontraksiya qabiliyyətini yaxşılaşdıran siqnal olduğunu və fiziki performansı yüksəltdiyini deyib.
Britaniyanın dibaet mərkəzinin rəhbərinin Tədqiqat Strategiyası və Tərəfdaşlıq üzrə müavini Anna Morris tədqiqatın əzələ zəifliyi və yorğunluq səbəbindən məşq etməkdə çətinlik çəkən ikinci tip diabetli insanlara gələcəkdə dəstək verə biləcək yeni yanaşmalar üçün perspektiv açdığını bildirib.
Alimlər qeyd edirlər ki, “L-BAIBA” artıq əvvəlki tədqiqatlarda maddə mübadiləsinə və piy yandırılmasına fayda verdiyi göstərildiyi üçün uzun müddətli elmi maraq obyekti olub. Eyni zamanda məqalədə bildirilir ki, “L-BAIBA” bəzi ölkələrdə pəhriz əlavəsi kimi kommersiya məqsədilə mövcuddur, lakin insanlarda ikinci tip diabet üzrə terapevtik faydalarının təsdiqi üçün daha çox klinik tədqiqat tələb olunur.
Mütəxəssislər xroniki xəstəliyi olan şəxslərə pəhriz və əlavələrdə dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edir.