Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda COP17 Liderlər Sammiti çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
"PostMedia" xəbər verir ki, görüş barədə məlumat Gürcüstan hökumətinin administrasiyası və İranın Tbilisidəki səfirliyi tərəfindən yayılıb.
Gürcüstan tərəfinin məlumatına görə, görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə olunub. Turizm sahəsində əməkdaşlığın müsbət dinamikası vurğulanıb.
“Bundan əlavə, tərəflər regionda mövcud vəziyyətə diqqət yetiriblər. Gürcüstanın Baş naziri gərginliyin azaldılması və uzunmüddətli sülhün təmin olunması üçün dialoqun və diplomatik səylərin xüsusi əhəmiyyətini bir daha vurğulayıb”, – məlumatda bildirilib.
İranın səfirliyi isə tərəflərin Tehranla Tbilisi arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı ilə bağlı geniş spektrli məsələləri müzakirə etdiklərini açıqlayıb.