"Virgin Galactic" şirkətinin yeni nəsil Delta sinifli ilk suborbital kosmik gəmisinə "Apeiron" adı verilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Virgin Galactic" şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, ad qədim yunan fəlsəfəsindəki "sonsuz, hüdudsuz" anlayışından götürülüb və ictimai səsvermə ilə seçilib. "Spaceship donanmasının lider gəmisinin növbəti mərhələyə duyduğumuz həyəcanı bölüşən insanların seçdiyi adı daşıyacağı üçün qürur duyuruq", — deyə şirkətin baş icraçı direktoru Maykl Kolqlazier bildirib.
Şirkət həmçinin çərşənbə günü "Apeiron"un Arizona ştatının Mesa şəhərindəki "Spaceship Factory" zavodundan Nyu-Meksiko ştatındakı "Spaceport America" kosmodromuna daşınacağını açıqlayıb. Gəmini "VMS Eve" daşıyıcı təyyarəsi aparacaq.
Nyu-Meksikoda mühəndislər və texniklər gəminin avionika avadanlığı ilə uçuş proqram təminatı üzrə işləri tamamlayacaq. Yerüstü sınaqlardan sonra "Apeiron" yenidən "Eve" ilə birləşdiriləcək və bağlı daşıma sınaqları keçiriləcək. Daha sonra buraxma sınağı, nəhayət, 80 kilometrdən yuxarı hündürlüyə mühərrikli sınaq uçuşu planlaşdırılır. Müstəqil uçuş yaxın vaxtlarda gözlənilmir.
Şirkət ilk kommersiya kosmik uçuşunun 2027-ci ilin ikinci rübünün əvvəlində baş tutacağını gözlədiyini bildirir. "Ars Technica" qeyd edir ki, aerokosmik sahədə elan olunan tarixlərə ehtiyatla yanaşmaq lazımdır. Nəşrin fikrincə, "Apeiron" növbəti 12–18 ay ərzində suborbital turistləri daşımağa başlaya bilər.
"Ars Technica" xatırladır ki, ABŞ-də artıq 10 aydır kosmik turizm missiyası həyata keçirilməyib. "Unity" gəmisinin son uçuşu zamanı şirkət ikinci nəsil gəmilərə keçəcəyini açıqlamışdı və 2026-cı ilədək iki Delta sinifli gəmini istismara verməyi planlaşdırırdı. Lakin hazırda xidmətdə Delta sinifli gəmi yoxdur.
Nəşr "Virgin Galactic"in kosmik turizm planlarının kommersiya baxımından davamlılığına şübhələrin böyük olduğunu da yazır. Uğur üçün gəmilərin demək olar ki, qüsursuz və görünməmiş davamlılıqla uçması, ildə yüzlərlə insanı qısa müddətə kosmosa aparması vacibdir. Şirkətin səhmləri 2021-ci ildə kosmik turizm həvəsinin zirvəsində qısa müddətə 1118 dollara çatmışdı, son vaxtlar isə təxminən 2,5 dollar ətrafında ticarət olunur.