Müğənni Harri Stayls Nyu-Yorkdakı "Madison Square Garden" arenasında 30 konsertlik rezidensiyasını oktyabrın 31-də keçiriləcək ənənəvi "Harryween" tədbiri ilə başa vuracaq.
"PostMedia" xəbər verir ki, bu barədə Harry Stylesın mətbuat xidməti məlumat yayıb.
Rəsmi adı "Harryween Fancy Dress Party" olan bir gecəlik tədbirə qatılan tamaşaçılar konsertə kostyumlarda gəlməyə dəvət olunur. Şounun biletləri "Ticketmaster"-də tam satılıb, bəzi biletlər isə üçüncü tərəf platformalarında yenidən satışa çıxarılıb.
Stayls əvvəlki Halloween konsertlərində müxtəlif obrazlarda səhnəyə çıxıb. Onların arasında "Oz sehrbazı" filmindən Dorotinin və "Grease" filmində Con Travoltanın obrazları da olub.
"Ticketmaster"-in qaydalarına görə, kostyumlarla konsertə gəlməyə icazə verilir, lakin bəzi məhdudiyyətlər var. Üzü tam örtən aksesuarlara yalnız təhlükəsizlik yoxlamasından keçdikdən sonra icazə verilir və təhlükəsizlik əməkdaşları tələb edərsə, onlar çıxarılmalıdır. Böyük ölçülü kostyum və baş aksesuarları, tam üz boyası, saxta silahlar və təhlükəsizlik xidmətinin təhlükəli və ya diqqəti yayındıran hesab etdiyi digər əşyalar qadağandır.
Konsert yerli vaxtla saat 20:00-da başlayacaq, açılış proqramında Jamie XX çıxış edəcək.
Stayls bu yaxınlarda "Together Together" turunun 2027-ci ildə də davam edəcəyini açıqlayıb. Növbəti mərhələdə aprel və may aylarında Şimali Amerikada altı şəhərdə konsert nəzərdə tutulub, iyul və avqustda isə tur Avropada davam edəcək.