Qazaxıstanda bəzi avtomobil dilerləri sanksiyalarla əlaqədar Rusiya vətəndaşlarına, hətta ölkədə qeydiyyatda olan şəxslərə belə avtomobil satışından imtina etməyə başlayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə “Mash Money” məlumat yayıb.
Məlumata görə, Almatı şəhərindəki “Skoda” avtosalonlarından biri Rusiya vətəndaşına Rusiya pasportu ilə avtomobil almaq üçün müqavilə bağlamaqdan imtina edib. Buna səbəb kimi Avropa İttifaqının sanksiyaları və Çexiya konserninin siyasəti göstərilib.
Belə hallar əvvəllər də qeydə alınıb, lakin məhdudiyyətlər əsasən Qazaxıstanda yaşamayan Rusiya vətəndaşlarına şamil edilib.
“Autonews” və “Kazakhstan Today” nəşrlərinin məlumatına görə, Qazaxıstandakı bir sıra dilerlər “Hyundai”, “Kia”, “Toyota”, “Volkswagen”, “Chery”, “Audi”, “Nissan”, “Lexus” və “Lada” markalı avtomobillərin satışına məhdudiyyətlər tətbiq ediblər.
Məlumata əsasən, “Volkswagen” nümayəndələri qərarlarını siyasi vəziyyətlə əlaqələndirib, “Audi” isə istehsalçının birbaşa qadağasına istinad edib. “Kia” dilerləri isə avtomobilləri yalnız yaşayış icazəsi və ya vergi identifikasiya kodu olan şəxslərə satmağa razılaşıblar.
“El.kz” portalının məlumatına görə, bir çox diler sanksiyaların pozulması riskindən çəkinərək Rusiya vətəndaşları ilə birbaşa alqı-satqı əməliyyatlarından yayınır. Nəticədə rusiyalı alıcılar avtomobilləri yerli vasitəçilərin köməyi ilə əldə etməyə çalışırlar.
Yekaterinburqdan olan alıcı İlya Mazayev “Avto Mail” nəşrinə bildirib ki, Qazaxıstanda avtomobil alışı üçün müqavilə bağlamaq istədikdə ona dərhal alternativ yollarla məsələni həll etmək təklif olunub.
Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Anton Şaparin hesab edir ki, dilerlər əsasən avtomobil tədarükünün dayandırılmasından ehtiyat edirlər.
Onun sözlərinə görə, istehsalçı şirkətlərin baş ofisləri Qazaxıstandakı tərəfdaşlarının Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etdiyindən şübhələnsələr, onlarla bütün müqavilələri ləğv edə bilərlər.