ABŞ Prezidenti Donald Tramp Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Lebron Ceymsi ölkəyə hörmətsizlikdə ittiham edib.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesablarında qeyd edib.
Buna səbəb basketbolçunun çərşənbə günü “Filadelfiya Seventi Siksers” və “Nyu-York Niks” komandaları arasında mövsümün açılış oyunundan əvvəl ABŞ himninin ifası zamanı hərəkət etməsi olub.
“Milli himnimizi dinləyərkən Lebron Ceyms ölkəmizə hörmətsizlik edir”.
O, həmçinin idmançının ABŞ bayrağı uğrunda həlak olmuş hərbçilərdən üzr istəməsini tələb edib.
“Lebron Ceyms ABŞ bayrağı uğrunda həlak olmuş bütün böyük amerikalı əsgərlərdən və qəhrəmanlardan üzr istəməlidir”, - prezident bildirib.
"BBC News"un məlumatına görə, Nyu-Yorkdakı “Medison Skver Qarden” arenasında keçirilən oyunun videosunda himn ifa edilərkən Ceymsin qolf çubuğu ilə zərbə vurmağı və basketbol topunu atmağı imitasiya etdiyi görünür. Onun meydançada yanında dayanan komanda yoldaşları isə əsasən hərəkətsiz qalıblar.
“Əvvəldən deyirdim ki, o, heç nəyə yaramır. Bu, tam biabırçılıqdır”, - Tramp əlavə edib.
Ceyms prezidentin son ittihamlarına hələlik cavab verməyib. Onların qarşıdurması bir neçə ildir davam edir. Basketbolçu Trampın siyasi rəqiblərini açıq şəkildə dəstəkləyib və prezidentin bəyanatlarını tənqid edib.
2018-ci ildə Tramp Ceymsin onunla eyni masa arxasında heç vaxt oturmayacağını bildirməsindən sonra basketbolçunun intellektual qabiliyyətlərini şübhə altına almışdı. Həmin il Ceyms də Trampı ritorikası ilə irqçilərə öz baxışlarını açıq şəkildə ifadə etmək imkanı yaratmaqda ittiham etmişdi.
İyul ayında Trampdan tarixdə ən böyük basketbolçunun Lebron Ceyms, yoxsa Maykl Cordan olduğunu soruşduqda, o, Cordanı seçmiş və Ceymsin irqçi ola biləcəyini irəli sürmüşdü.
“Mən yalnız məni bəyənən insanları bəyənirəm”, - ABŞ prezidenti həmin vaxt demişdi.
ABŞ-da peşəkar idman oyunlarından əvvəl himnin ifa olunması uzun müddətdir davam edən ənənədir. Adətən oyunçular və tamaşaçılar ayağa qalxır və mərasim zamanı hərəkət etməməyə çalışırlar.
Himnə münasibət 2016-cı ildə kəskin siyasi mübahisə mövzusuna çevrilib. Həmin vaxt amerikalı futbolçu Kolin Kaepernik polis zorakılığına və irqçiliyə etiraz olaraq himn ifa edilərkən diz çökməyə başlayıb.
Tramp idmançını sərt tənqid etmişdi. Kaepernik daha sonra Milli Futbol Liqasında (NFL) komanda tapa bilməmişdi.