Yəmən husiləri Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına, eləcə də Səudiyyə Ərəbistanının cənubundakı aviasiya və hərbi-dəniz bazalarına hücum etdiklərini açıqlayıblar.
"PostMedia" AFP-yə istinadən xəbər verir ki, bu barədə "Ənsar Allah" hərəkatının hərbi nümayəndəsi Yəhya Səri bildirib.
Sərinin sözlərinə görə, husilər onlarla ballistik raketdən istifadə etməklə üç hərbi əməliyyat həyata keçiriblər. Qruplaşma nümayəndəsinin iddiasına əsasən, hədəflər krallığın paytaxtındakı hava limanı, Xamis-Muşayt şəhərində yerləşən Kral Xalid Hərbi Hava Bazası və Cizandakı hərbi-dəniz bazası olub.
Səudiyyə Ərəbistanı tərəfi daha əvvəl ölkənin cənub bölgələrinə doğru buraxılan azı on ballistik raketin zərərsizləşdirildiyini açıqlamışdı. Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri Ər-Riyad istiqamətində uçan bir raketi və iki pilotsuz uçuş aparatını, eləcə də Xamis-Muşayt istiqamətində buraxılan qanadlı raketi vurublar. Husilərin qeyd olunan obyektləri vurduqları barədə açıqlamaları müstəqil şəkildə təsdiqlənməyib.
Hücumlar Ər-Riyad Beynəlxalq Hava Limanının fəaliyyətini qismən bərpa etdiyi gün baş verib. Hava limanı əvvəlki zərbələrdən sonra iki həftə bağlı qalmışdı. Oktyabrın əvvəlində husilərin məsuliyyətini üzərinə götürdüyü hücum nəticəsində 13 nəfər həlak olmuş, 300-dən çox insan yaralanmışdı.
Hava limanının saytına görə, bazar günü üçün həm daxili, həm də beynəlxalq reyslər, o cümlədən Dubay, Paris və Qahirədən uçuşlar planlaşdırılmışdı. Lakin "Flightradar24" xidmətinin məlumatlarına əsasən, təyyarələrin yalnız kiçik bir hissəsi havaya qalxıb, reyslərin əksəriyyəti isə ləğv edilib. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları hava əlaqəsinin tam bərpasının nə dərəcədə mümkün olduğunu dəqiqləşdirməyiblər.
Bundan bir gün əvvəl Səri Ər-Riyad hava limanını yenidən hərbi hədəf adlandırıb və aviaşirkətləri, hava limanının əməkdaşlarını və sərnişinləri ondan istifadə etməməyə çağırıb.
Gərginlik husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında hərbi əməliyyatların yenidən başlaması fonunda artır. Qarşıdurma 2022-ci ildən bəri əsasən qüvvədə olan atəşkəsin pozulmasından sonra daha da kəskinləşib.