Rusiya prezidenti Vladimir Putin Azərbaycanı Rusiya üçün "sabit və yaxşı tərəfdaş" adlandırıb və tərəflərin energetika və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdiyini bildirib.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Putin bu sözləri Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunda çıxış edərkən deyib.
Rusiya lideri bildirib ki, Moskva Azərbaycanı Türkiyə qaz bazarında rəqib kimi görmür. Putinin sözlərinə görə, Rusiya Türkiyəyə 30 milyard kubmetrə qədər qaz tədarük edir və bu həcm Azərbaycanın tədarükündən xeyli çoxdur.
"Lakin biz özümüzü rəqib kimi görmürük. Əksinə, əməkdaşlığa hazırıq", — deyə Putin vurğulayıb.
Putin həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə hazırda fəal dialoq apardığını qeyd edib. O bildirib ki, tərəflər digər məsələlərlə yanaşı, Azərbaycanla energetika və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edir.
"Bir daha vurğulamaq istəyirəm ki, biz burada yaxşı perspektivlər görürük və birgə işləməyə hazırıq", — deyə Rusiya prezidenti əlavə edib.
"OC Media" xatırladır ki, son illərdə Bakı ilə Moskva arasında münasibətlərdə gərginlik yaranıb. Bunun səbəbləri sırasında 2024-cü ildə Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya tərəfindən vurulması, 2025-ci ildə Azərbaycan vətəndaşlarının Rusiyada polis nəzarətində ölməsi və Rusiya media nümayəndələrinin Azərbaycanla bağlı təhrikedici bəyanatları göstərilir.
Nəşrin məlumatına görə, tərəflər 2026-cı ilin aprelində təyyarə qəzası ilə bağlı məsələləri həll etdiklərini açıqlayıb, lakin Rusiyada Azərbaycana qarşı səslənən ritorika ilə bağlı fikir ayrılıqları davam edir.