Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsini az ehtimal hesab edir.
"PostMedia" xəbər verir ki, Paşinyan bu fikirləri brifinqdə səsləndirib.
"Yeni Konstitusiyanın qəbulu müddəası bizim seçkiqabağı proqramımızda olub. Son seçkilərdə səslərin çoxunu qazanmışıq və bu proqramı həyata keçirməliyik. Mən demişdim ki, alətlərdən biri növbədənkənar seçkilərin keçirilməsi ola bilər, lakin işin buna çatmaması ehtimalı böyükdür və müxalifətə imtina edə bilməyəcəyi təklif oluna bilər", — deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, müxalifət "güclü ictimai təzyiq altında qala" və öz səsi ilə yeni Konstitusiyanın qəbulu üzrə referendumun keçirilməsinə imkan yarada bilər.
Paşinyan yeni Konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın olmamalı olduğunu da deyib. O, bəyannamənin mətnini "dövlətçiliyə zidd" adlandırıb.
"Belə mətnlə müstəqil ölkə qurmaq mümkün deyil, bu, dövlətə sahib olmağın mümkünsüzlüyü haqqında mətndir. Yeni Konstitusiya dövlətin davamlılığına əsaslanır. Əminəm ki, xalq bizi dəstəkləyəcək", — deyə Paşinyan vurğulayıb.
Yeni Konstitusiyanın qəbulu üçün Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının parlamentdə konstitusiya çoxluğu çatmır və müxalifət deputatlarının dəstəyi lazımdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 28-də parlamentdə bildirib ki, vətəndaşlar referendumda yeni Konstitusiyaya qarşı səs versə, hazırkı hökumət istefa verə bilər.
Ermənistanın qüvvədə olan Konstitusiyasında onun 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə əsaslandığı qeyd olunur. Bəyannamə, o cümlədən Ermənistan SSR Ali Soveti ilə Dağlıq Qarabağ Milli Şurasının "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarına söykənir.
Azərbaycan Prezidenti İlham Əliyev isə əvvəllər Ermənistanla sülh müqaviləsinin imzalanması şərtlərini açıqlayıb. Onun sözlərinə görə, Ermənistan Konstitusiyasını dəyişməlidir.
"Çünki Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad var, o isə öz növbəsində Azərbaycana ərazi iddialarını ehtiva edir, orada keçmiş "Dağlıq Qarabağ" muxtar vilayəti Ermənistanın tərkib hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtlərdir", — deyə Əliyev bildirib.