Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin inkişafına və türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
"PostMedia" xəbər verir ki, Mirziyoyev bu sözləri Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxışı zamanı deyib.
"Təşkilata sədrliyi dövründə türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirirəm", — deyə Özbəkistan lideri vurğulayıb.
Mirziyoyev TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edib. O, türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını bildirib.
Özbəkistan Prezidenti konkret addım kimi Türk dünyasında 100 strateji birgə investisiya və sənaye layihəsini əhatə edən proqramın qəbul edilməsini təklif edib.
"Türk İnvestisiya Fondunun və beynəlxalq maliyyə qurumlarının resurslarının bu layihələrə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir", — deyə Mirziyoyev əlavə edib.
Onun sözlərinə görə, türk dövlətlərinin beynəlxalq yükdaşımalar və logistikada iştirakını genişləndirmək və qazanclarını artırmaq üçün Orta Dəhliz və ona bağlı digər nəqliyyat dəhlizləri "inteqrasiya olunmuş iqtisadi sistemə çevrilməlidir".
Mirziyoyev türk dövlətləri arasında logistika kompleksləri şəbəkəsinin yaradılması və birgə idarə olunması təşəbbüsü ilə də çıxış edib. Onun fikrincə, bu addım regional nəqliyyat və ticarət sahələrində əməkdaşlığı gücləndirəcək.
Özbəkistan lideri çıxışını "Bir olduğumuz zaman daha güclüyük" sözləri ilə yekunlaşdırıb.