Dövlət Sərhəd Xidməti 2026-cı ilin oktyabr ayında dövlət sərhədini pozduqlarına görə 46 nəfəri saxlayıb, 472 kiloqram 225 qram narkotik vasitəni dövriyyədən çıxarıb.
"PostMedia" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin oktyabr ayının icmalına görə, saxlanılanların 26-sı Əfqanıstan, 6-sı Azərbaycan, 5-i Pakistan, 2-si Türkiyə, 2-si Mərakeş, 2-si Əlcəzair, 2-si Fələstin, 1-i isə İran vətəndaşıdır.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxta tarix möhürü və pasportla, habelə özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb. Sərhəd rejimi qaydalarını pozduqlarına görə isə 509 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 316 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan edilmiş 775 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunmuş 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı tədbirlər nəticəsində 472 kiloqram 225 qram narkotik vasitə və 16 615 ədəd müxtəlif tərkibli həb aşkarlanıb.
Ay ərzində narkotik vasitələri və onların prekursorlarını ölkə ərazisinə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi istiqamətində kompleks tədbirlər də həyata keçirilib.