Dünyanın ən böyük kriptovalyuta birjası "Binance"ın 29 oktyabrda məruz qaldığı kiberhücumda hakerlər saxta iş müsahibələrindən, zərərli proqramdan və şirkətin daxili süni intellekt alətindən istifadə ediblər.
"PostMedia" xəbər verir ki, "Binance"ın həmrəhbər icraçı direktoru (co-CEO) Riçard Teng bu fikirləri CNBC telekanalının "Squawk on the Street" verilişində səsləndirib. Hücum nəticəsində birjadan 6 milyard dollardan çox aktiv oğurlanıb.
Teng hücumun bir işçinin kompüteri vasitəsilə, yəni tək zəif nöqtə üzərindən baş verdiyi fikrini rədd edib. Onun sözlərinə görə, hücumçular sistemə daxil olmaq üçün aylarla hazırlıq görüblər.
Teng danışıb ki, iyunda hakerlər tərtibatçı alətinin saxta versiyasını yaradıb və "Binance" mühəndislərindən birini onu quraşdırmağa vadar edib. Sentyabrda isə işə qəbul mütəxəssisi kimi təqdim olunaraq başqa mühəndislə bir neçə iş müsahibəsi keçiriblər. Bu müsahibələr təhlükəsizlik sistemlərindən yayınmaq üçün hazırlanmış gizli zərərli proqram olan kodlaşdırma tapşırığı ilə başa çatıb.
Bundan sonra hücumçular daxili süni intellekt alətləri vasitəsilə cüzdan əməliyyatlarını təsdiqləyən sistemə giriş əldə ediblər.
Teng bildirib ki, "Binance" zərər çəkmiş 6,34 milyard dollarlıq aktivlərin 98 %-ni bərpa edib. Likvidliyi aşağı olan qalan aktivlərin alınması davam edir.
Teng hücumu Şimali Koreyaya aid etməyib. Lakin o, Federal Təhqiqat Bürosunun (FTB) hücumu Şimali Koreya ilə əlaqəli "TraderTraitor" qrupuna bağladığını qəbul edib.
"Binance"ın çərşənbə axşamı yayımladığı təhlükəsizlik hesabatına görə, hazırlıq iyunda başlayıb. "Binance Wallet"in DevOps mühəndisi axtarış sistemi vasitəsilə süni intellektlə işləyən kodlaşdırma aləti axtarıb və dəyişdirilmiş "Homebrew" quraşdırıcısını yükləyib. Şirkət şübhəli fəaliyyəti aşkar edib, mühəndisin cihazını əvəz edib və ehtiyat tədbiri olaraq giriş məlumatlarını dəyişib. Lakin hesabata əsasən, həmin vaxt artıq mühəndisin və cüzdan infrastrukturu komandasındakı həmkarlarının rolu hakerlərə məlum olub.
Hadisədən sonra "Binance" bəzi çıxarışları müvəqqəti məhdudlaşdırıb, bütün müştəri itkilərini ödəyəcəyini bəyan edib və təsirə məruz qalan aktivləri öz ehtiyatları hesabına bərpa edib. Məlumatlara görə, "Binance" və "Tether", "Circle", "Ripple" kimi sənaye tərəfdaşları təxminən 3 milyard dollarlıq aktivi dondurub. Oğurlanmış vəsaitlərin bir qismi isə yuyulma kanalları ilə hərəkətini davam etdirir. "Coinbase" ələ keçirilmiş cüzdanlara köçürmələri bloklayıb və "Binance"a birbaşa dəstək təklif edib.
Teng deyib ki, çərşənbə axşamına olan məlumata görə, "Binance" zərər görmüş cüzdan sistemini və daxili süni intellekt alətini yenidən qurub, ələ keçirilmiş cihazları əvəz edib. Əlaqəli mühəndislərə aid giriş məlumatları və tokenlər ləğv edilib, işçilərin cihazlarında təhlükəsizlik skanları genişləndirilib.
"Biz həmçinin gördüyümüz bütün işlərə baxmaq üçün müstəqil ekspert cəlb edirik və araşdırma davam etdikcə müdafiəmizi gücləndirəcəyik. Oğurlanmış vəsaitlərin izini tapmaq və dondurmaq üçün hüquq-mühafizə orqanları və sənaye tərəfdaşları ilə gecə-gündüz çalışırıq", — deyə Teng bildirib.
Hadisə kriptovalyuta bazarlarında etimada kəskin, lakin qısamüddətli zərbə vurub. Bu zərbə iri birjalarda əvvəlki uğursuzluqlarla müqayisədə daha zəif olub. "Binance" maliyyə baxımından möhkəm qaldığını bildirir və diqqətini zəifliyin müəyyən edilməsinə, qalan vəsaitlərin geri qaytarılmasına və yeni hücumun qarşısının alınmasına yönəldib. İndi investorlar birjanın mərkəzləşdirilmiş birjalara etimadı tam bərpa edə biləcəyini izləyirlər.