"TikTok" seçilmiş bazarlarda "TikTok Shop" adlı ayrıca mobil tətbiqi səssiz-sədasız istifadəyə verib.
"PostMedia" "TechCrunch"a istinadən xəbər verir ki, tətbiq hələlik Sinqapur, Malayziya, Tailand və Filippində "iOS" və "Android" qurğuları üçün əlçatandır. Onu ilk dəfə sosial media üzrə məsləhətçi Mett Navarra aşkar edib.
Yeni tətbiqdə istifadəçilərə fərdi məhsul tövsiyələri təqdim olunur. Alış-veriş canlı yayımlar və qısa videolar vasitəsilə də mümkündür. Bundan əlavə, yalnız tətbiqdə keçərli olan endirimlər, tətbiqdaxili ödəniş, sifarişin izlənməsi və müştəri dəstəyi xidməti var.
Tətbiqin təsvirinə görə, istifadəçilər pulsuz çatdırılma təkliflərindən və ilk sifariş üzrə eksklüziv güzəştlərdən yararlana biləcək. Təsvirdə həmçinin "təhlükəsiz ödənişlər" vədi verilir.
Ayrıca tətbiqin yaradılması "TikTok Shop"a əsas "TikTok" platformasından kənardakı alıcılara çıxmaq imkanı verir. Bu addımla şirkət "Amazon" və "Temu" kimi qabaqcıl onlayn ticarət tətbiqləri ilə daha birbaşa rəqabət aparacaq. Eyni zamanda, "TikTok" sosial ticarətə daha çox sərmayə yatırmağa hazır olduğunu göstərir.
"TikTok" bu tətbiqi daha geniş yaymağı və ABŞ bazarına çıxarmağı planlaşdırıb-planlaşdırmadığı barədə məlumat verməyib. Şirkət şərh sorğusuna da cavab verməyib. Tətbiq ABŞ-də təqdim olunarsa, "TikTok" yalnız "Amazon" və "Temu" ilə deyil, həm də müştəriləri mağazaların öz tətbiqləri vasitəsilə sifariş verməyə vərdiş etmiş "Walmart" və "Target" kimi iri pərakəndə şəbəkələrlə rəqabət aparacaq.
Bu addım "TikTok" ilə "Amazon" arasındakı rəqabətdə tamamilə əks mənzərə yaradır. Əvvəllər "Amazon" istifadəçilərin diqqətini "TikTok" kimi tətbiqlərdən yayındırmaq üçün onun oxşarı olan qısa videolar lenti "Inspire"ı təqdim etmişdi. İndi "TikTok" eyni üsulu əks istiqamətdə tətbiq edərək istifadəçiləri "Amazon" kimi platformalardan öz ekosisteminə çəkməyə çalışır.
Bu, "TikTok"un sosial mediadan kənara çıxmaq cəhdlərində növbəti addımdır. "TikTok Shop"dan əlavə, şirkət oyunlar, restoran bələdçiləri, idman bölməsi, otel rezervasiyası və mikrodramalar əlavə edib, həmçinin ödəniş xidmətlərini araşdırır.