Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun öhdəliklərin yerinə yetirilməsinə dair 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncama dəyişiklik edilib, sənədin 1-ci hissəsinə atmosfer havasının keyfiyyətinin təmin edilməsi ilə bağlı ifadə əlavə olunub.
"PostMedia" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sənəd 4 noyabr 2026-cı il tarixlidir və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən qəbul edilib.
Dəyişiklik 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamın 1-ci hissəsinin birinci abzasına aiddir. Əvvəl həmin abzasda "Qlobal" sözü işlənirdisə, indi onun əvəzinə "Atmosfer havasının keyfiyyətinin təmin edilməsi, qlobal" sözləri yazılacaq.
Eyni abzasda "ibarət" sözündən sonra "İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə" sözləri də əlavə olunub.
Sərəncamın 2-ci hissəsində isə "keçirilməsini" sözündən sonra ", eləcə də Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri ilə bağlı digər tapşırıqlarının icrasını" sözləri əlavə edilib.
Dəyişiklik edilən Sərəncam Azərbaycanın 1995-ci il yanvarın 10-da təsdiq etdiyi BMT-nin İqlim dəyişmələri üzrə çərçivə konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirləri əhatə edir. Sənədə bundan əvvəl 2025-ci ildə də dəyişiklik edilmişdi.