Dünya bazarında neft qiymətlərinin artımı cümə axşamı axşam saatlarında sürətlənib, "Brent" markalı neftin bir barelinin qiyməti 97 dolları ötüb.
"PostMedia" "Interfax"a istinadən xəbər verir ki, London "ICE Futures" birjasında "Brent" neftinin yanvar fyuçersləri Moskva vaxtı ilə saat 18:45-ə 2,5 dollar və ya 2,64 % bahalaşaraq barel üçün 97,12 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin dekabr fyuçersləri isə bu vaxt 1,99 dollar və ya 2,26 % bahalaşaraq 90,11 dollara çatıb.
Bir gün əvvəl "Brent" 8,7 %, WTI isə 8,3 % ucuzlaşmışdı. Qiymətlərdəki bu enmə ABŞ Konqresinə çərşənbə axşamı keçirilən seçkilərdə Demokrat Partiyasının inamlı qələbə qazanması xəbərlərinin fonunda baş verib. Demokratlar Konqresin hər iki palatasına nəzarəti əldə edib.
ABŞ Prezidenti Donald Tramp respublikaçıların məğlubiyyətinin əsasən Yaxın Şərqdəki münaqişə ilə bağlı olduğunu etiraf edib. O, həmçinin bildirib ki, benzin qiymətlərinin artımı səsvermənin nəticəsinə güclü təsir göstərib. Eyni zamanda Tramp yaxın vaxtlarda Tehrana qarşı hərbi kampaniyanı gücləndirmək niyyətində olduğunu açıqlamayıb.
"Bazarlar ara seçkilərin Trampın İrana münasibətdə növbəti addımlarına təsirini qiymətləndirir və müharibənin başa çatması ehtimalının artacağını gözləyir", — deyə "Sparta Commodities" şirkətinin baş neft analitiki Cun Qoh bildirib.
"Lakin qarşıda çoxlu volatillik bizi gözləyir, çünki müharibənin yekun diplomatik yolla başa çatmasına gedən yol çoxsaylı naməlum amillərlə doludur, dünyanın strateji yanacaq ehtiyatları isə xeyli tükənib", — o əlavə edib.
Bu arada İran İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) cümə axşamı iki neft tankerində və bir yedək gəmisində yanğın çıxdığını bildirib. SEPAH-ın məlumatına görə, gəmilər Tehranın icazə vermədiyi marşrutla Hörmüz boğazından keçməyə cəhd edib.
Bəyanatda deyilir ki, gecə iri neft tankeri boğazın Omana yaxın keçən cənub farvaterində gedərkən minaya düşüb və alovlanıb. İkinci supertanker boğazdan çıxarkən yanıb. Yanğının söndürülməsi üçün göndərilən yedək gəmisi də alova bürünüb.