Bu gün ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirməyi nəzərdə tutan nəqliyyat və infrastruktur layihəsi – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) fəaliyyətə başladığını elan ediblər.
"PostMedia" xəbər verir ki, ayrı-ayrı video müraciətlərində Paşinyan Ermənistanın cənubundakı Sünik vilayətində hazırlıq tikinti işlərinə başlanıldığını bildirib və təşəbbüsü ölkənin müstəqillik əldə etməsindən bəri həyata keçirilən ən böyük iqtisadi layihə kimi xarakterizə edib.
“Biz Ermənistanın müstəqillik əldə etməsindən bəri ən böyük iqtisadi layihəsi üzrə işlərə başlayırıq”, – deyə o bildirib.
Sünik vilayətinin qubernatoru Robert Qukasyan işlərin Mehri ərazisində bir neçə nöqtədə başladığını təsdiqləyib və hazırlıq mərhələsindən sonra əsas tikinti işlərinin aparılacağını əlavə edib.
Tramp layihənin başlanması münasibətilə Paşinyanı təbrik edib və onun Azərbaycanla sülhün əldə olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
O, həmçinin "TRIPP Development Company" şirkətinin yaradıldığını elan edərək ABŞ-Ermənistan tərəfdaşlığının regionda malların, enerji resurslarının və sərnişinlərin daşınması üçün yeni ticarət marşrutları yaradacağını bildirib.
Tramp əməkdaşlığa görə Paşinyana və Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkür edib, Ermənistanın Baş nazirini gələn il "Ağ Ev"ə səfərə dəvət edib.
Paşinyan layihənin regional bağlantıları gücləndirəcəyini, Ermənistanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirəcəyini və xüsusilə Sünik vilayətinə fayda gətirməklə investisiyaların cəlb olunmasına kömək edəcəyini bildirib.
O əlavə edib ki, TRIPP layihəsi iştirakçı ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında Transxəzər ticarət marşrutuna və Şərq-Qərb bağlantılarına yeni təkan verəcək.
Layihənin əsası 8 avqust 2025-ci ildə Vaşinqtonda Trampın iştirakı ilə Paşinyan və İlham Əliyev tərəfindən imzalanmış birgə bəyannaməyə söykənir. Sammit çərçivəsində iki ölkənin xarici işlər nazirləri də sülh sazişini paraflayıblar.