Britaniyalı aktrisa Cudi Dençin həyat yoldaşı Maykl Uilyams ağciyər xərçənginə qarşı mübarizə apararkən Robin Uilyamsın ona necə həssas dəstək olduğunu xatırlayıb.
"PostMedia" xəbər verir ki, aktrisa bu barədə çərşənbə axşamı satışa çıxacaq "Is It Too Late to Make a Run For It?" adlı memuarında yazıb.
Denç təxminən 30 il əvvəl ərinin ağır xəstəliyi dövründə Şotlandiyada aktyor Billi Konnollinin evində qonaq qaldıqlarını yazır. Onlar üçün meşədə şənlik təşkil olunub, tonqal qalanıb.
”Maykl o vaxt çox xəstə idi və onun taqətdən düşdüyünü görürdüm. Ona görə hamı ilə sağollaşıb çox dik yoxuşla yuxarı qalxmağa başladıq", — deyə aktrisa xatırlayır.
Bu zaman onların yanında Robin Uilyams peyda olub və kömək təklif edib. Maykl isə özü bacardığını bildirib. "Robin dedi: "Yaxşı, nə olursa-olsun, mən də sizinlə gedəcəm". Bu, çox gözəl sözlər idi. Həmin anı tez-tez xatırlayıram — Robinin həssaslığını və anlayışını, özünü zorla qəbul etdirmədən sadəcə yanımızda olmaq istəyini, yumşaq dəstəyini", — deyə Dench yazıb.
Denç və Uilyams 1996-cı ildə "Hamlet" filmində birlikdə çəkiliblər. 1999-cu ildə "Shakespeare in Love" filmində I Yelizaveta roluna görə Dençə ikinci plan aktrisa nominasiyasında "Oskar" mükafatını məhz Uilyams təqdim edib. "Hook", "Jumanji", "Good Will Hunting", "Dead Poets Society", "Mrs. Doubtfire" kimi filmlərdə çəkilmiş məşhur komik aktyor 2014-cü ildə 63 yaşında vəfat edib.
Maykl Uilyams 2001-ci il yanvarın 11-də 65 yaşında dünyasını dəyişib. Cütlük 1971-ci ildə ailə qurmuşdu.
Memuarda Denç ilk dəfə açıq şəkildə 2019-cu ildə çəkilmiş və kinotənqidçilər tərəfindən sərt qarşılanmış "Cats" filmindəki iştirakından da danışıb. Endryu Lloyd Ueberin eyniadlı məşhur musiqili tamaşası əsasında çəkilən filmdə Ceyms Kordən, İdris Elba, Teylor Svift və digər tanınmış aktyorlar da rol alıb. Buna baxmayaraq, film həm tənqidi, həm də kommersiya baxımından uğursuz sayılıb.
"Aman Allah, buna dözə bilmirəm. Lloyd Ueber filmin çəkilməsini o qədər gözləmişdi. Bütün bu xoş niyyət və istedad necə də boşuna getdi. Başa düşürəm ki, tənqidçilər filmə qarşı olduqca sərt olublar. Filmin yekun variantını görmədiyim üçün mühakimə yürütmürəm. Yalnız onu deyim ki, heç kim pis ifa göstərmək və ya pis film çəkmək məqsədi ilə yola çıxmır. İnsan əlindən gələni edir, nəsə təklif edir və ümid edir ki, digərləri də qoşulub bu şənliyə birləşəcək", — deyə aktrisa yazıb.
Foto: Variety