Azərbaycan Dillər Universitetində təhsil alan çinli müəllim və tələbələr Azərbaycan xalqını Zəfər Günü münasibətilə həm Çin, həm də Azərbaycan dillərində təbrik ediblər.
"PostMedia" AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə universitetin Konfutsi İnstitutunda tədbir keçirilib.
İnstitutun direktoru Rafiq Abbasov bildirib ki, Zəfər Günü çinli müəllim və tələbələr üçün də əlamətdar gün olub. Onun sözlərinə görə, Pekin beynəlxalq arenada həmişə Bakını dəstəkləyib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, eləcə də Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin tezliklə həlli üçün ardıcıl mövqe nümayiş etdirib.
Abbasov Çinin müharibədən sonra Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakını xüsusilə əhəmiyyətli sayıb. Onun sözlərinə görə, Çinin bir sıra şirkəti müvafiq layihələrin icrasında maraqlıdır.
"Xüsusi qeyd etmək istərdim ki, Çin bu prosesdə iştirak edir və onun bir çox şirkəti azad edilmiş ərazilərimizin dirçəldilməsində maraqlıdır", — deyə Abbasov bildirib.
O, maraqlı olan sahələrdən birinin yüksək texnologiyalar, ağıllı şəhər və ağıllı kənd layihələri olduğunu vurğulayıb. Abbasovun fikrincə, bu, Çinin iştirakının yalnız bir aspektidir.
İnstitut direktoru Çinin Azərbaycanın azad edilmiş ərazilərinin iqtisadi dirçəlişinə töhfə verməyə davam edəcəyinə əminliyini ifadə edib.